Mingəçevirdə Vətən müharibəsi şəhidlərinin 3-cü ildönümündə məzarları ziyarət olunur və xatirələri hörmətlə anılır
11 oktyabr 2023 | 16:30
44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək canını fəda edən qəhrəman şəhidlərimiz Əli Rzayev, Vüqar İsmayılov, Niyazi İsgəndərov, Qəhrəman Nəsirovun məzarı 11.10.2023-cü il tarixdə ziyarət olundu və hörmətlə anıldı. Mərasimdə şəhidlərin ailə üzvləri, yaxınları, şəhid ailələri, müharibə əlilləri, ilahiyyatçılar və digər ziyarətə gələn insanlar iştirak etdi. Şəhidlərimizin ruhuna dualar edildi. Sonra Aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin məsul əməkdaşı müharibə əlilləri ilə birlikdə şəhidlərin ailə üzvlərinin yaşadığı mənzildə oldu və şəhər rəhbəri adından torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə canından keçmiş şəhidlərimizə Allahdan rəhmət və yaxınlarına səbr dilədi. Şəhidlərimiz Əli Rzayev, Vüqar İsmayılov, Niyazi İsgəndərov cəbhənin Tərtər-Ağdərə istiqamətində Suqovuşan və Talış kəndinin düşməndən azad olunması, şəhid Qəhrəman Nəsirov Füzuli-Cəbrayıl istiqamətində Füzulinin azad olunması zamanı şəhadətə qovuşmuşdur.
Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın Silahlı Qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı.
Allah şəhidlərimizə rəhmət etsin.