Mingəçevirdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirildi
01 iyun 2026 | 15:56
İyunun 1-də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Şəhid M.Mirzəyev adına Dostluq parkındakı açıq səhnədə keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər rəsmiləri, şəhid ailələrinin və qazilərin uşaqları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Tədbir öncəsi kitab və rəsmlərdən ibarət sərgi, məktəblilərin qazandıqları nailiyyətləri əks etdirən təqdimatlarla, uşaqların asfalt üzərindəki əl işləri, idman yarışlarında qalib olan idmançıların mükafatlarının sərgiləri ilə tanışlıq olub. Torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnəklərini təmsil edən şagirdlər kompozisiyalar təqdim ediblər, rəqslər, şeirlər, mahnı çələngləri maraqla qarşılanıb. Uşaqları bayram münasibəti ilə təbrik edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi qayğı və diqqətdən söz açıb, uşaqların sağlam ruhda, sevgi və məhəbbətlə əhatə olunaraq və xüsusən qayğısız yaşamasının dövlət səviyyəsində diqqət mərkəzində olduğunu vurğuladı. Bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı, humanist layihələr uşaqlara olan, xüsusilə Vətən müharibəsində şəhid olan və qazilərin uşaqlarına məhəbbətin təzahürüdür. Bu diqqət və qayğını biz hər gün hiss edirik. Bildiyiniz kimi torpaqlarımızın azad olunması, yurdumuzun ərazi bütövlüyünün təmin olunması yolunda qəhrəmanlıqlar göstərən qazilərin, şəhidlərimizin övladlarına daim qayğı göstərilir. Uşaqlar bizim gələcəyimizdir, onların sağlam və firavanlıq şəraitində böyüməsi, təhsili, rifah halının yaxşılaşdırılması diqqət mərkəzindədir. Bu məqsədlə, uşaqların fiziki sağlamlığının təmin olunması üçün şəhərimizdəki park və xiyabanlarda, istirahət məskənlərində, məhəllələrdə idman qurğuları, atraksionlar quraşdırılır, əyləncə və idman meydançaları yaradılır. Şəhər İcra Hakimiyyəti başçısı qeyd etdi ki, şəhər İcra nümayəndələri ilə birlikdə , 1 iyun günündə usaşlarla birlikdə olmaq, qazilərimizin, şəhidlərimizin övladları ilə birgə bayram şənliyində iştirak etmək, onların sevincinə qatılmaq hər birimiz üçün çox xoşdur. Bu gözəl bayram münasibəti ilə tədbirdə iştirak edən uşaqları təbrik edərək onlara ən xoş arzularını çatdırdı. Sonda İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 135 şəhid və qazi övladına hədiyyələr təqdim etdi, onlarla xatirə şəkilləri çəkdirdi.