Mingəçevirdə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda regional təlim keçirilib.
01 sentyabr 2026 | 11:31
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2026-cı il üzrə “Tədbirlər Planı”na əsasən, avqustun 28-də Mingəçevir şəhərində keçirilən təlimin əsas məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan şəxslərin bilik və bacarıqlarının artırılması, uşaqyönümlü yanaşmanın gücləndirilməsi, həmçinin uşaqların hüquq və mənafelərinin qorunması zamanı effektiv müdaxilə mexanizmlərinin öyrənilməsi olub. Təlimdə Mingəçevir ilə yanaşı, Gəncə, Tovuz, Bərdə və Göygöl şəhər və rayon icra hakimiyyətləri yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların məsul katibləri, məsləhətçi-psixoloqları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Tədbir çərçivəsində “Uşaqyönümlü ədalət mühakiməsi”, “Uşaqla hüquq-mühafizə əməkdaşının ünsiyyəti: travma-həssas yanaşma”, “Cinayət prosesində şahid, zərərçəkmiş və təqsirləndirilən yetkinlik yaşına çatmayanların hüquqlarının təmin edilməsi”, “Uşaq hüquqlarının pozulması hallarında risklərin erkən aşkarlanması və uşaqyönümlü müdaxilə strategiyası” mövzularında çıxışlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.