Mingəçevirdə Torpaq çərşəmbəsi qeyd edildi
17 mart 2026 | 20:41
Novruz bayramının gəlişi insanlarda xoş ovqat yaradır. Martın 17-də Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər Planına uyğun olaraq ilaxır çərşənbəsi münasibəti ilə energetiklər yaşayış massivində şəhid A.Niftəliyev adına Mədəniyyət Mərkəzinin qarşısında tonqal ətrafında Novruz bayramına həsr olunmuş el şənliyi keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və şəhər rəsmiləri, ictimaiyyət və mətbuat nümayəndələri, yaşayış massivinin sakinləri iştirak ediblər.
Novruzun atributları olan Dədə Qorqudun, Bahar qızın maraqlı söhbətləri, Kosa və Keçəlin məzhəkəli oyunları, musiqiçilərin təqdim etdiyi mahnı sovqatı, rəngarəng rəqslər, yumurta döyüşləri, uşaqların şən qəhqəhələri iştirakçılarda xoş ovqat yaradıb.
Novruz tonqalını alovlandıran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək təbriklərini çatdırıb. Novruz bayramının milli adət-ənənələrimizə uyğun olaraq şəhərimizdə yüksək əhval-ruhiyyə ilə qeyd olunduğunu diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi, qəhrəman Ordumuzun şücaəti ilə böyük Zəfərin qazanılmasından, ərazi bütövlüyü təmin olunduqdan sonra yurdumuzun bütün bölgələrində Novruzun böyük coşqu ilə qeyd olunduğunu, birlik, bərabərlik bayramının insanlara xoş ovqat bəxş etdiyini bildirib. Tədbir iştirakçılarını və onların timsalında ailə üzvlərini Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək evlərinə bol ruzi və bərəkət, sağlam ömür, xoşbəxtlik arzulayıb.