Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

07 noyabr 2023 | 15:32

Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq noyabr ayının 7-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri düzərək ehtiramlarını bildiriblər. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış olub. Konfransda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın qorunması və azad olunması, yurdumuzun ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” sənədli filminə baxış olub.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə çıxış edərək bildirib ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. 28 noyabr 2022-ci il tarixdə isə “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncamın icrası ilə əlaqədar təsdiqlənmiş Təqvim Planına uyğun olaraq bu gün “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda geniş toplantı keçiririk. Bu günkü tədbirimizdə Milli Məclisin deputatı Aydın Mirzəzadə və Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev iştirak edirlər. Mən öz adımdan, eləcə də bütün mingəçevirlilər adından qonaqlarımızı və tədbir iştirakçılarını salamlayır, bu günkü tədbirin işinə uğurlar arzulayıram. Ötən əsrin 80-ci illərinin sonundan başlayan Dağlıq Qarabağ problemi nəticəsində Azərbaycanın 20 faizə qədər ərazisi erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Ermənistanın və dünya ermənilərinin məqsədi Qarabağda ikinci erməni dövlətinin yaranmasına nail olmaq idi. Buna görə də Azərbaycana beynəlxalq təzyiqlər davam edirdi. Lakin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev bütün təzyiqlərin qarşısını qətiyyətlə aldı. Ölkəmizin iqtisadiyyatının, ordumuzun güclənməsi üçün bütün tədbirləri həyata keçirdi. Azərbaycanın çətin vaxtlarında Ulu öndər dövlətimizin milli maraqlarını inamla təmin etdi. Bütün sahələrdə inkişafın təməli qoyuldu. 2003-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu inkişaf davam etdirildi. Az müddətdə ordu quruculuğu sahəsində xeyli müvəffəqiyyətlər əldə edildi. Ötən müddət ərzində Dağlıq Qarabağ probleminin həlli missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun fəaliyyətində heç bir irəliləyiş əldə olunmamışdı. Ölkə rəhbəri bütün çıxışlarında, beynəlxalq tədbirlərdə Qarabağ probleminin həllinin sülh yolu ilə həyata keçirilməsini müdafiə edərək, bu işin qan tökülmədən həllinə tərəfdar olduğunu bildirirdi. Lakin dünya dövlətləri bu işə ciddi yanaşmadı və Birləşmiş Millətlər Təşkilatının erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması haqqında 4 qətnaməsi kağız üzərində qalmışdı. Ermənistan isə daim ərazilərimizə təxribatlar təşkil edir, məsələnin həllini yubadırdı. Belə təxribatlar 2020-ci ilin iyul-avqust aylarında daha da artdı, şəhidlərimiz oldu. Növbəti belə bir təxribat 27 sentyabrda baş verdi. Erməni ordusu sərhəd boyu hücum əməliyyatları təşkil edərək ərazilərimizə təhlükə yaratdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə ordumuz əks hücuma keçdi. Az bir müddətdə ölkə Prezidentinin rəhbərliyi altında xalq-dövlət-ordu birliyi yarandı. Hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması başlandı. 44 gün davam edən müharibə nəticəsində erməni ordusunun məğlubedilməz olması mifi darmadağın edildi. Xalqımız hər gün ölkə rəhbərinin müraciətini böyük sevinclə gözləyirdi. Çünki bu müraciətlərdə yeni-yeni ərazilərimizin işğaldan azad olması müjdəsi xalqa çatdırılırdı. Hər gün zəfər sorağı insanlarımızı ruhlandırırdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi müzəffər ordumuz hər gün irəliyə doğru, yeni zəfərlərə doğru irəliləyirdi. Bütün xalq sevinc içərisində idi. Rəşadətli ordumuzun şücaəti nəticəsində qəhrəman əsgərlərimiz 8 noyabr 2020-ci ildə Şuşa şəhərinə daxil oldu. Hər küçə, hər ev uğrunda gedən əlbəyaxa döyüşdə igid oğullarınızın qəhrəmanlığı ilə Şuşa şəhəri düşmən qüvvələrindən təmizləndi. Məhz Şuşa şəhərinin alınması bizim qələbəmizi təmin etdi. Noyabr ayının 10-da Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atdı. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı bəyannaməyə əsasən ermənilər məğlubiyyətlərini qəbul etdilər və Ağdam, Kəlbəcər, Laçın rayonlarının boşaldılması öhdəliyini öz üzərilərinə götürdülər. Bu hadisədən sonra Ölkə Prezidenti cənab Ali Baş Komandan demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu böyük qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır. Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun Dünya Azərbaycanlıları!”. Bu gün Ulu öndərin 100 illiyi ilə əlaqədar keçirdiyimiz bu tədbirdə deyə bilərik ki, Ulu Öndərin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanı dünyaya tanıdan, Ata vəsiyyətini dönmədən yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi oğul yetişdirməsidir. Məhz Ali Baş Komandanın rəhbərliyi ilə qalib Azərbaycan xalqı və müzəffər Azərbaycan ordusu öz gücünə BMT-nin 4 qətnaməsinin icrasını təmin etdi, işğal altında olan torpaqlarımızı azad etdi. 2022-ci il sentyabr ayının 12-dən 13-nə keçən gecə mənfur qonşularımız Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində yeni bir təxribat törətdi. Qəhrəman Azərbaycan ordusu bu təxribatın da qarşısını müvəffəqiyyətlə aldı və bir neçə strateji yüksəklikləri əldə etdi. Vətən müharibəsindən sonra Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin arasında imzalanmış 10 noyabr bəyannaməsinin tələblərinin yerinə yetirilməsi Ermənistan tərəfindən pozulurdu və tez-tez istər sərhəd bölgələrində, istərsə də Sülhməramlıların nəzarət etdiyi ərazilərdə təxribatlar törədilirdi. Ölkə başçısının təmkinlə apardığı sülh danışıqları nəticəsiz qalmışdı. Cari ilin aprel ayının 23-də Azərbaycan dövləti tərəfindən Laçın sərhəd keçid məntəqəsi yaradıldı. Bununla ərazi bütövlüyümüz tamamilə bərpa edildi. Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonunun bir hissəsinə Sülhməramlılar tərəfindən nəzarət edilirdi. Lakin orada olan silahlılar hələ də silahı təhvil verməmişdilər. Bu il sentyabr ayının 19-da Ölkə Prezidenti, Ali Baş Komandanın göstərişi ilə Sülhməramlıların nəzarətində olan ərazilərdə antiterror əməliyyatı keçirildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni silahlı birləşmələri silahı yerə qoydular və təslim oldular. Bu hadisə nəticəsində Azərbaycanın bütün ərazilərində hakimiyyət strukturları bərpa edildi. Şəhidlərimiz və yaralılarımız oldu. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini həmişə uca tutur. Mən bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı Azərbaycanın öz siyasi nüfuzu da artdı. Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Artıq dünya dövlətləri Azərbaycanı qalib və diktə edən bir ölkə kimi qəbul etdi. Bu Zəfər tariximizdə Mingəçevir şəhərinin də öz payı vardır. Hələ I Qarabağ müharibəsində 985 nəfər mingəçevirli döyüşlərdə iştirak etmiş, qəhrəmanlıq göstərən 322 qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucalmışdır. Aprel döyüşlərində 5 igidimiz şəhid olmuşdur. Vətən müharibəsi başlayan tarixdən də Mingəçevir gəncləri könüllü olaraq səfərbər olunmuş, 1041 nəfər səfərbərliyə çağırılmış, öz qəhrəmanlıqları ilə müharibədə iz qoymuşlar. Vətən müharibəsində 51 nəfərimiz şəhidlik zirvəsinə ucalmış, 100 nəfərdən çox gəncimiz yaralanmışdır. Sonrakı dövrlərdə erməni təxribatları zamanı 3 nəfər, 19 sentyabr antiterror əməliyyatlarında 5 nəfər şəhidlik zirvəsinə ucalmışdır. Mingəçevirin qəhrəmanlıq tarixində I Qarabağ müharibəsində 4 nəfər Milli Qəhrəman adına layiq görülmüş, 8 nəfər Azərbaycan Bayrağı Ordeni ilə, 650 nəfər müxtəlif medallarla təltif olunmuşlar. Ali Baş Komandan tərəfindən Vətən müharibəsində qəhrəmanlıq göstərən qəhrəmanlarımızdan 2 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına, 22 nəfər müxtəlif dərəcəli orden, 1041 nəfər isə müxtəlif medallara layiq görülmüşdür. Bu gün bütün şəhid ailələrimiz və qazilərimiz dövlətimizin himayəsindədir. “YAŞAT” fondu tərəfindən şəhid ailələrinin sosial problemlərinin həll olunması üçün müvafiq dəstək olunur, qazilərimizin müalicəsi təşkil olunur. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, eyni zamanda qazilərimizə daim qayğı göstərilir. Şəhər İcra Hakimiyyətinin xətti ilə də şəhid ailələrimizə və qazilərimizə müvafiq köməkliklər olunur, onların mənzil növbəliliyi məsələləri həll olunur, mənzil növbəliyində olan şəhid ailələri və əlillərə mənzil tikintisi ilə əlaqədar şəhər İcra Hakimiyyətinin sərəncamı ilə torpaq sahəsi ayrılıb, binanın tikintisi yekunlaşmaq üzrədir. İkinci bir binanın tikilməsi üçün torpaq sahəsinin ayrılması planlaşdırılır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpağı işğaldan azad olunduqdan sonra orada quruculuq və bərpa işlərinə start verilmişdir. Bu günə qədər Füzuli və Zəngilan Beynəlxalq Aeroportları, yaşayış məhəllələri istifadəyə verilmiş, müxtəlif kommunikasiya və digər infrastrukturlar bərpa edilir. Artıq keçmiş məcburi köçkünlərimiz Zəngilan, Füzuli, Laçın rayonlarının ərazilərinə qayıtmış, öz dədə-baba yurdlarında yaşamağa başlamışlar. Hal-hazırda keçmiş işğal olunmuş ərazilərimizdə tikinti-quruculuq işləri davam etdirilir. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinə soydaşlarımızın qayıdışı təmin olunur. Soydaşlarımızın 30 illik həsrətinə son qoyuldu. Artıq həmin ərazilər məskunlaşdırılır. Görülən bu işlər Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu xəttin uğurlu nəticələridir. Bütün sahələrdə qazandığımız tarixi zəfərlər Heydər Əliyev siyasətinin təntənəsidir. Hamımıza məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr Zəfər günü təsis edilmişdir. Bu tarixi gün bayram günü kimi qeyd edilir. Zəfər günü münasibətilə şəhidlərimizə ehtiramımı bildirir, şəhər sakinlərini, şəhid ailələrimizi, qazilərimizi, keçmiş məcburi köçkün soydaşlarımızı təbrik edir, şəhərimizin bütün sakinlərinə əmin-amanlıq və can sağlığı arzulayıram. Bayramınız mübarək olsun.” Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev “1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı bu günkü uğurlarımızın başlanğıcıdır”, Milli Məclisin deputatı Aydın Mirzəzadə “Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ərazi bütövlüyümüzün təminatçısı oldu”, MDU-nin Təhsil fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Nizami Zeynalov “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir”, MDU-nin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə “Ata vəsiyyəti və inamlı zəfərin qalibi” mövzularında məruzələrlə çıxış ediblər.

Keçidlər