Mingəçevirdə Soyqırımı Günü qeyd olundu
31 mart 2026 | 14:11
31 mart Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü münasibəti ilə Mingəçevir Şəhidlər Xiyabanında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Anım tədbiri keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəsmiləri, Mingəçevir Bələdiyyəsinin, YAP şəhər təşkilatının, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Tibb Kollecinin, Turizm Kollecinin rəhbərliyi və təmsilçiləri, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Soyqırım qurbanlarının ruhuna dualar oxunub.
Tədbir iştirakçıları öncə 1918-ci ilin 30 mart və 3 aprel aralığında daşnak erməni silahlı dəstələri tərəfindən kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların, soyqırım qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək 108 il bundan qabaq Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, ayrı-ayrı dövrlərdə, 1988-94-cü illərdə separatçı ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən, törədilən qətliamlardan, işğalçılıq əməllərindən söz açıb. Yaxın tariximizdə baş verən hadisələrdən, minlərlə soydaşımızın doğma yurd yerlərindən didərgin salınmasından bəhs edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il mart ayının 26-da imzaladığı müvafiq sərəncamla 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib. Bu siyasi xəttin uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin siyasi səriştəsi, qətiyyəti, Milli Ordumuzun cəsur əsgər və zabitlərinin, şəhidlərimizin qəhrəmanlığı sayəsində uzun illərdən sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı erməni faşistlərinin cavabı qətiyyətlə verilmiş, işğal altında qalan torpaqlarımız azad edilmişdir.
2023-cü ildə lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuş, suverenliyi bərpa edilmiş, Zəfər tariximiz yazılmışdır. Cənab Prezidentimizin rəhbərliyi və göstərişi ilə Qarabağda və Şərqi Zəngəzurda başlanan tikinti quruculuq işləri ən yüksək səviyyədə davam etdirilir. Artıq minlərlə soydaşımız doğma yurd yerlərinə qayıdır və həyat öz məcrasına düşür. Burada geniş infrastruktur layihələri həyata keçirilir, iş yerləri yaradılır, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başlayır.
Bu gün biz bütün soyqırım qurbanlarının, şəhidlərimizin xatirəsini ehtiramla anır, onlara Allahdan rəhmət diləyirik. Allah Azərbaycan Prezidentini və xalqımızı qorusun.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəsi Mayıl İsmayılov, Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkün müəllimə Sevil Əlişova, 14 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev çıxış edərək Soyqırım Günü ilə əlaqədar fikirlərini bölüşüblər. Şəhidlərimiz yad olunub, qazilərə can sağlığı arzulanıb.
Sonra Soyqırım abidə Kompleksinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsinə ehtiram ifadə olunub.