Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Son zəng mərasimi keçirildi.

15 iyun 2025 | 10:17

İyunun 14-də Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbdə son zəng mərasimi keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, qonaqlar, şəhid ailələrinin üzvləri, qazilər, təhsil ictimaiyyəti, valideynlər və məktəblilər, mətbuat nümayəndələri iştirak ediblər.Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil ocağının uğurlarından söhbət açılıb. Məktəbin direktoru Zaur Müseyibov 1980-ci ildə istifadəyə verilən məktəb şagirdlərinin nailiyyətlərindən, olimpiada və imtahanlarda qazandıqlar müvəffəqiyyətlərdən danışaraq qeyd edib ki, bu il məktəbi 63 məzun bitirir. Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan təhsil islahatlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək təbriklərini çatdırıb. Birinci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin təhsilimizə verdiyi töhfələrdən söz açıb. 15 iyun Qurtuluş Günü münasibəti ilə hər kəsə təbriklərini çatdıran icra başçısı Milli Qəhrəmanı Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbdə təhsil almaq şərəfinə nail olan məktəblilərə uğurlar arzulayıb, məzunlara tələbə olmaq sevincini, vətənimizin ləyaqətli övladı kimi yetişmək istəklərini çatdırıb. Məktəbin pedaqoji kollektivini və valideynləri əziz gün münasibəti ilə təbrik edib. Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir sektorunun rəhbəri Sevinc Həsənova bu il Mingəçevir məktəblərini başa vuran 1202 məzundan 120 nəfərinin fərqlənmə attestatı ilə başa vurduğunu bildirib. Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov, qazilər Əbülfət Babayev, İsmayıl Seydimov məzunlara təbriklərini çatdırıblar. Məktəblilərin, həmçinin on birincilərin təqdim etdiyi kompozisiyalar alqışlarla qarşılanıb. Sonda müvəffəqiyyət qazanan məktəblilərin mükafatları təqdim olunub. Son zəngin çalınması ilə müstəqil həyata qədəm qoyan məzunlara uğurlar və xoşbəxt həyat arzuları dilə gətirilib.

Keçidlər