Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə şəhidlərin xatirəsi yad olundu

21 yanvar 2023 | 08:45

20 Yanvar Hüzn Günü münasibəti ilə Mingəçevir Şəhidlər Xiyabanında Anım mərasimi keçirilib. 33 il bundan öncə, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda mübarizədə həlak olan qəhrəman Vətən övladlarının xatirəsi hər zaman əziz tutulur. Hər il olduğu kimi bu il də yanvar ayının 20-də mingəçevirlilər müqəddəs Şəhidlər Xiyabanına gedərək 20 Yanvar Abidə Kompleksinin qarşısına əklillər, gül çiçək dəstələri qoymuş, şəhidlərimizin məzarlarını ziyarət edərək onlara ehtiramlarını bildirmişlər. Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, İdarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak ediblər. Öncə Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda mübarizədə həlak olan 20 Yanvar şəhidlərinin, yurdumuzun düşmən hücumlarından qorunması, işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda gedən birinci Qarabağ müharibəsində, Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi yad edilib, din xadimləri dualar oxuyub. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə, Qanlı Yanvar gecəsi tank tırtılları altında qalan vətən övladlarının, müqəddəs şəhidlərimizin daim qəlblərdə yaşadığı, vətənimizin qəhrəman övladlarının keçdiyi mübarizlik yolunun yeni nəslə təbliğ olunduğu diqqətə çatdırılıb. Sonra tədbir iştirakçıları Mingəçevir Dövlət Dram Teatrında Bakı Uşaq Gənclər Teatrı ilə birlikdə səhnələşdirilmiş “Cənnətə bilet” tamaşasına baxıblar. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İlhamə Əhmədova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər