Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Şəhər Günü” qeyd olundu

11 noyabr 2024 | 11:49

Noyabr ayının 11-də Mingəçevirin şəhər statusu almasının 76 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilib. Əvvəlcə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının və Mingəçevir Bələdiyyəsinin rəhbərliyi, əmək veteranları, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibələri veteranları, ictimaiyyət nümayəndələri, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları nur şəhərinin gözəlliyinə əlavələrin olunduğu xiyabanlarda olublar. Heydər Əliyev prospektində yerləşən iki istirahət məskəninin, xiyabanın yenidənqurulmasından sonra açılışı olub. Şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq 20 Yanvar və M.F.Axundov küçələrinin aralığında yerləşən 1ha ərazisi olan xiyabanda yaşıllaşdırma və sanitar təmizlik idarəsinin kollektivinin zəhməti ilə yenidən qurulan xiyabanda rəngarəng işlər aparılıb. Burada İcra aparatının Memarlıq şöbəsinin rəhbərliyi ilə hazırlanmış layihəyə əsasən əsl gözəlliklər yaradılıb. Ərazidə insanların mənalı istirahəti üçün yeni oturacaqlar qoyulub, kölgəliklər təmir olunub, fəvvarə yenidən inşa edilib. Velosiped xətti yaradılıb, tamet plitələr döşənib, müasir işıq nöqtələri yaradılıb. Uşaqların və gənclərin əylənməsi, fiziki sağlamlığı üçün idman qurğuları, turniklər, atraksionlar quraşdırılıb. Dama, nərd və şahmat oyunları üçün sahə yaradılıb. Yaşıllıq zolaqları genişlənib, əraziyə qazonlar səpilib, həmişəyaşıl ağac tingləri, dekorativ gül kolları əkilib. Şəhər Bələdiyyəsinin maliyyə dəstəyi ilə yenidən qurulan M.F.Axundov və S.Vurğun küçələrinin kəsişdiyi ərazidəki xiyabanda görülən işlər də göz oxşayır. Burada yaşıllıq zolaqlarına 2000 ədədə yaxın rəngarəng dekorativ gül kolları və həmişəyaşl ağac tingləri əkilib, oturacaqlar və kölgəliklər təmir edilib. Xiyabanın piyada zolağının hər iki tərəfinə 500 kv.m təbii ot örtüyü döşənib. Xiyabanın müxtəlif sahələrində uşaqların əylənməsi üçün müxtəlif heyvan və quş heykəlləri, gənclərin mənalı istirahəti üçün simvolik ürək heykəli yerləşdirilib. İşıqlanma nöqtələri artırılıb. İctimaiyyət nümayəndələri qarşısında çıxış edən şəhər rəhbəri şəhər günü münasibəti ilə təbriklərini çatdıraraq nur şəhərinin gözəlləşməsində, yenilənməsində xidmətləri olan hər kəsə minnətdarlığını bildirib. Şəhərin ilk qurucularını xatırlayıb, ulu öndər Heydər Əliyevin Mingəçevirin inkişafındakı xidmətlərindən bəhs edib, dövlətimizin başçısı İlham Əliyevin Mingəçevirə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Şəhərdə həyata keçirilən yeni layihələrdən danışaraq cənab Prezidentin bu işlərə xüsusi önəm verdiyini bildirib. Tədbirin ikinci hissəsi axşam saatlarında Mingəçevir Dövlət Dram Teatrında davam edib. Ümummilli Lider Heydər Əliyevin və Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Təbrik nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevirin yaranma tarixindən, ilk quruculuq illərindən, pillə-pillə yüksəlməsindən, ilbəil genişlənməsindən söz açıb. Müasir dövrdəki inkişaf mərhələsinə toxunan şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə göstərişi ilə həyata keçirilən inkişaf mərhələsindən fərəhlə danışıb. Bildirib ki, şəhərdə insanların arzu və istəyinə uyğun olaraq, rifah halının yaxşılaşdırılması məqsədi ilə yeni park və xiyabanlar yaradılır, işıqlanma nöqtələri quraşdırlır, məhəllələr abadlalaşır, nümunəvi istirahət məskənləri salınır, idman meydançaları hazırlanır. Yaşıllıq zolaqları genişlənir. Küşələrə asfalrt örtüyü döşənir, çoxmənzili yaşayış binalarında əsaslı təmir işləri aparılır. Şəhər rəhbəri şəhid ailələri, qazilər, həmçinin qəzalı vəziyyətdə olan üç binanın sakinləri üçün yeni yaşayış binalarının tikilərək istifadəyə verilməsinin ölkə Prezidentinin Mingəçevirə göstərdiyi qayğının təzahürü olduğunu xüsusilə vurğuladı. Mingəçevirliləri şəhər günü münasibəti ilə təbrik edərək ən xoş və səmimi arzularını dilə gətirdi. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək təbriklərini və xoş arzularını çatdırdı. Mingəçevirin inkişafındakı xidmətlərinə görə bir qrup şəhər sakininə şəhər İcra Hakimiyyətinin fəxri fərmanı verildi. Sonda Mingəçevirin incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər. Bayram tədbiri şəhər sakinlərinin qəlbində xoş əhval-ruhiyyə yaratdı.

Keçidlər