Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

25 noyabr 2022 | 12:10

Noyabrın 25-də Mingəçevirdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda konfrans keçirilib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə dərin ehtiram bildirilib. Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar, Göyçay, Kürdəmir və Ağsu rayonunun dini icma üzvləri, din xadimləri, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ekstremizm və radikalizmin yol açdığı problemlərlə mübarizə məqsədilə həyata keçirilən fəal və məqsədyönlü maarifləndirmə işləri barədə danışıb. Mövzu ilə bağlı fikirlərini bölüşən DQİDK sədrinin müavini Sahib Nağıyev bildirib ki, teoloji inanc sisteminin əxlaqi ve mənəvi dəyərlər çərçivəsindən çıxaraq siyasi ideologiyaya çevrilməsi radikal meyillərin yaranmasına, dinin ilkin hədəf və məqsədi olan insanların ruhi saflığı, eləcə də mənəvi tərbiyəsi missiyasından uzaqlaşmasına səbəb olur. Müasir şəraitdə dini ekstremizmin həm bütün dünya ictimaiyyəti, həm də ayrı-ayrı ölkələrin dövlət təhlükəsizliyi, ərazi bütövlüyü, konstitusion quruluşu, vətəndaşlarının hüquq və azadlıqları üçün əsas təhlükə mənbələrindən olmasını diqqətə çatdıran Sahib Nağıyev bu tip cərəyanlara qarşı praktik mübarizə metodlarından söz açıb. Diqqətə çatdırıb ki, ölkəmizdə dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində qabaqlayıcı və profilaktik tədbirlər görülür. Baş Prokurorluğun idarə rəisinin müavini, ədliyyə müşaviri Asim Yusifov və Daxili İşlər Nazirliyinin şöbə rəisi Oqtay Tağıyev çıxışlarında insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği, müxtəlif psixoloji üsullardan istifadə edilməklə gənclərin dini sektaların və cərəyanların təsiri altına salınması halları əleyhinə görülən işlərdən danışıblar. Konfrans müzakirələrlə yekunlaşıb.

Keçidlər