Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Müqəddəs Qurban bayramı münasibəti ilə bayram tədbiri keçirildi.

17 iyun 2024 | 07:48

     İyun ayının 16-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Mingəçevir Bələdiyyəsinin maliyyə dəstəyi ilə Müqəddəs Qurban bayramı münasibəti ilə şəhərin sağ sahil yaşayış massivindəki ət kəsimi məntəqəsində bayram tədbiri keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın məsul şəxsləri, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev və bələdiyyə üzvləri, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, əmək veteranları, qazilər, I və II Qarabağ müharibəsi veteranları, şəhid ailələrinin üzvləri, mətbuat işçiləri iştirak ediblər. Tədbiri açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müqəddəs Qurban bayramı münasibəti ilə iştirakçıları və onların timsalında ailə üzvlərini təbrik edərək ən xoş arzularını bildirib. Müqəddəs Qurban bayramının respublikamızın hər yerində geniş qeyd olunmasını diqqətə çatdıraraq vurğulayıb ki, dövlətimizin başçısı, cənab Prezident İlham ƏIiyev bununla ələqdar ölkə əhalisinə təbriklərini çatdırıb. Fərəhli haldır ki, bu ilki Qurban bayramı suverenliyini tam bərpa etmiş Azərbaycanımızın bütün bölgələrində, o cümlədən Şuşada, digər azad olunmuş ərazilərimizdə fərəh hissi ilə qeyd olunur. Bu il həmin bölgələrin məscidlərində bayram namazının qılınması yerli sakinlərin iştirakı ilə baş tutub. Fədakar vətən övladlarının, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın şücaəti ilə azad olunmuş bölgələrimizdə həyat yenidən canlanır, soydaşlarımız öz doğma ata yurdlarına qayıdırlar. Bu bizim çoxdankı arzumuz idi, hər il torpaqlarımızın azad olunması üçün dualar edir, arzularımızı dilə gətirirdik. Nəhayət, cənab Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyi ilə, Milli Ordumuzun əsgər və zabitlərinin şücaəti sayəsində yurdumuzun ərazi bütövlüyü tam bərpa olundu. Əziz dostlar, bu müqəddəs gündə bayramınızı bir daha ürəkdən təbrik edir, kəsilən Qurbanlarımız qəbul olunsun, deyirəm.

     Sonra qurbanlar kəsildi. Həmin gün şəhərimizdə 600-dən çox ailəyə, şəhid ailələrinə, qazilərə, Qarabağ müharibəsi veteranlarına, aztəminatlı ailələrə qurban əti paylandı.

Keçidlər