Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə “Miqrasiya proseslərinin tənzimlənməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

13 iyun 2024 | 16:31

İyun ayının 12-də Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Miqrasiya proseslərinin tənzimlənməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirə hüquq mühafizə orqanlarında çalışan işçilərlə yanaşı, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri də dəvətli idilər. Mingəçevir Bələdiyyəsinin akt zalında keçirilən tədbiri şəhər İcra Hakimiyyətinin başçısı aparatının hüquq şöbəsinin müdiri Mahir Əliyev açaraq iştirakçılara Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun salamlarını çatdırmış və tədbirin əhəmiyyətindən danışmışdır.

Sonra söz tədbirin təşkilatçılarına verilmişdir. İlk olaraq Yevlax Regional Miqrasiya İdarəsinin rəisi, miqrasiya xidməti müşaviri Vüsal Xəlilov Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti istiqamətləri, miqrasiya proseslərinə nəzarət və qanunsuz miqrasiyanın qarşısının alınması, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması və vəzifələrinin yerinə yetirilməsi ilə bağlı qarşılıqlı fəaliyyətin təşkili haqqında məlumatla çıxış etmişdir. Qeyd olunmuşdur ki, Dövlət təhlükəsizliyi baxımından miqrasiya xidməti mühüm əhəmiyyət kəsb edir. Əsasən təbii hadisələr nəticəsində insanların yerdəyişmələri, miqrasiyaya cəlb olunmaları baş verir. Bu məsələlər qanunçuluq çərçivəsində həll edilməlidir ki, bu məqsədlə də 2017-ci ilin mart ayından etibarən miqrasiya xidməti fəaliyyət göstərir. Respublikamızda 7 regional miqrasiya xidməti idarəsi mövcuddur. Qeyd etmək yerinə düşər ki, Mingəçevirin də daxil olduğu Yevlax regional miqrasiya idarəsi bu cəhətdən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təşkil edir. 

Yevlax regional miqrasiya idarəsinin vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Hüseyn Qocamanov miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı qanunvericilik normaları, əcnəbilərin hüquq və vəzifələri ətrafında məlumatla çıxış edib. Yevlax regional miqrasiya idarəsinin miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru, kiçik miqrasiya xidməti müşaviri Fərid Sayılov tənzimlənməyən miqrasiyaya qarşı mübarizə miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı inzibati xətalar məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər haqqında məlumat verib. Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin baş inspektoru, ikinci dərəcəli miqrasiya xidməti qulluqçusu Rəşad Hacıyev əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılması qaydaları haqqında məlumat verib.

Məlumatlar iştirakçılar tərəfindən diqqətlə dinlənilmiş və çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər