Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə Milli Mətbuat Günü qeyd olundu.

22 iyul 2024 | 17:36

Ölkəmizin hər yerində Milli Mətbuat Günü böyük təntənə ilə qeyd olunur. Bununla əlaqədar olaraq iyulun 22-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Mingəçevirin mətbuat işçiləri, təhsil, mədəniyyət müəssisələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Mətbuatımızın yaranma tarixindın danışaraq bildirdi ki, 1875-ci il iyul ayının 22-də maarifpərvər ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin redaktorluğu və naşirliyi ilə nəşr olunan “Əkinçi” qəzeti cəmiyyətin inkişafında və maariflənməsində müstəsna xidmətlər göstərib. Zaman-zaman inkişaf edən mətbuatımızı yaşadanlar bütün çətinliklərə baxmayaraq öz qələmləri ilə vicdanla, qərəzsiz yazılarla tarix yaradıblar. Ulu öndər Heydər Əliyev hakimiyyətinin hər iki dövründə mətbuata xüsusi qayğı və diqqətlə yanaşır, mətbuatın inkişafına töhfələr verir və jurnalistlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yaxından dəstək dururdu. Dövlətimizin başçısı, cənab Prezidentimiz İlham Əliyev də bu siyasi xətti uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində, ondan əvvəl və sonra, bu gün də jurnalistlərimizin fədakarlığı ilə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Vətən müharibəsi dövründə ölkəmizə gələn dünyanın bir sıra agentliklərini təmsil edən media təmsilçiləri qərəzli sualları ilə dünya istimaiyyətinə yanlış məlumatlar verməyə çalışsalar da, cənab Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev onlara səlis cavabları ilə reallıqları çatdırırdı. İki gün əvvəl Şuşa şəhərində keçirilən “Şuşa Qlobal Media” Forumunda dünyanın 50-dən çox ölkəsini təmsil edən jurnalistlərin suallarını cavablandırarkən dövlətimizin başçısı dünyaya öz mesajlarını göndərdi. “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər” mövzusuna toxundu, konkret cavabları ilə fikirlərini çatdırdı. Azad olunan ərazilərimizə dəfələrlə gələn xarici media mənsubları həqiqətləri öz gözləri ilə görürlər. Şəhər rəhbəri Mingəçevirdə həyata keçirilən abadlıq və quruculuq işlərini, infrastruktur layihələrinin yerinə yetirilməsi prosesini davamlı olaraq cəmiyyətə çatdıran jurnalistləri Mətbuat Günü münasibəti ilə təbrik edərək onlara ən xoş arzularını çatdırdı, yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Tədbirdə çıxış edənlər-Mingəçevir qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair publisist İsmayıl İmanzadə, keçmiş məcburi köçkün, şair Məmməd Mərzili, Əmək və Silahlı Qüvvələr, Hüquq Müharibə Veteranlar şurası şəhər şöbəsinin sədr müavini Rizvan Mikayıllı, Kanal 32-nin əməkdaşı İnqilab Şirinli, Mingəçevir Dövlət Universitetinin rektor əvəzi Üzeyir Zeynalov Azərbaycan mətbuatının 149 il ərzindəki şərəfli və keşməkeşli tarixinə toxundular, həmkarlarını təbrik edərək ürək sözlərini çatdırdılar. Qeyd olundu ki, Mətbuat Günü təkcə jurnalistlərin bayramı deyil, bütün Azərbaycan xalqının, ictimaiyyətin bayramıdır.

Tədbirin sonunda jurnalistlərə hədiyyələr verildi, xatirə şəkilləri çəkdirildi.

Keçidlər