Mingəçevirdə Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
05 sentyabr 2024 | 15:39
Sentyabrın 5-də Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin struktur üzrə bölmə rəhbərləri və əməkdaşları, həmin ərazilərdə çalışan məktəb direktorları, müəllimlər və digər rəsmi qonaqlar iştirak ediblər. Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Konfransda çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin Sədri Elnur Nəsibov təhsil sahəsində aparılan islahatlardan və ölkəmizin təhsilində baş verən nailiyyətlərdən söz açıb. Qarabağda və bütün Respublika ərazisindəki təhsil müəssisələrində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri haqqında söz açan Elnur müəllim çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edib.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov Azərbaycanda Təhsil sahəsində aparılan islahatlardan söz açıb. İlham müəllim çıxışında qeyd etdi ki, 1969-cu ildə respublika rəhbərliyinə irəli çəkilən Heydər Əliyev mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın tərəqqisi, elm, təhsil və mədəniyyətinin yüksəlməsi üçün çox məharətlə düşünülmüş strategiya və taktika seçməyə nail oldu.Bu illər ərzində Azərbaycanda təhsilin inkişafı geniş vüsət almışdı. 1993-cü il Prezident seçkilərində Azərbaycan xalqının 90 faizdən çox səsini qazanan Heydər Əliyev təhsil siyasətinin prioritet sahə olduğunu bəyan edərək bu istiqamətdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni dövrün yeni təhsil sisteminin, o cümlədən yeni ali təhsil sisteminin yaradılması məqsədi ilə insan kapitalının yaradılması konsepsiyasını irəli sürdü. Təhsilin inkişaf etdirilməsi ilə bağlı yeni dövlət proqramları təsdiq edildi. Ulu Öndərin müəyyənləşdirdiyi təhsil siyasəti bu gün Azərbaycan Respublikasının I vitse-prezidenti xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də uğurla davam etdirilir. Azərbaycanda ilk dəfə fondlar tərəfindən yeni məktəb binalarının inşasının və ya əsaslı təmirinin, maddi-texniki bazasının möhkəmləndirilməsinin əsası məhz həmin fond tərəfindən qoyuldu. Ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin inkişaf proqramı”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı, “Təhsilə dəstək” kimi dövlət maraqları baxımından xüsusi əhəmiyyət daşıyan bir sıra layihələri fond uğurla gerçəkləşdirir” Sonda İlham İsmayılov qarşıdan gələn 15 Sentyabr – Bilik Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib.
Daha sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun Direktor müavini Fuad Qarayev Mərkəzi Aran Regionunda olan IV və VI sinif şagirdlərinin monitorinq, eləcə də IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri haqqında danışıb. Dövlətimizin bir sıra təhsil müsabiqələrini maliyyələşdirməsindən söz açan Fuad müəllim şagirdlərimizin beynəlxalq müsabiqələrdəki uğurlarından danışıb. Növbəti ildə baş tutacaq təlimlərlə bağlı informasiyanı konfrans iştirakçıları ilə paylaşan Fuad Qarayev bir sıra maraqlı və vacib məqamlar haqqında konfrans iştirakçılarını məlumatlı edib.
Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov hesabatla çıxış edib. Hesabatda Yaşıl Dünya naminə görülmüş işlər haqqında məlumat verən idarə müdiri bu sahədə həyata keçirilmiş layihələrdən danışıb. Elçin müəllim İdarənin tabeliyində olan rayonlarda həyata keçirilən bir sıra təmir və tikinti işlərindən də söz açıb. Müxtəlif statistik kəmiyyətlərə toxunan və gələcək hədəflərdən danışan idarə müdiri sonda bütün konfrans iştirakçılarına təşəkkürünü bildirib və onlara uğurlar arzu edib.