Mingəçevirdə “Kür” Olimpiya Tədris İdman Mərkəzində Yunan-Roma güləşi üzrə idman yarışı keçirildi
16 may 2023 | 12:45
Ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri may ayının 14-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzinin idman zalında keçirildi. Şəhər Bələdiyyəsinin maliyyə dəstəyi ilə baş tutan tədbirə respublikamızın ona yaxın şəhər və rayonlarından gəlmiş Yunan-Roma güləşi üzrə 160-a yaxın idmançı, məşqçi müəllim və valideynlər cəlb olunmuşdular. Təmsilçilər arasında Mingəçevirin iki komandası, Yevlax, Şəmkir, Goranboy, Qazax, Daşkəsən, Zəngilan, Balakən, Göyçay rayonlarının yeniyetmə və gənc idmançıları öz məharətlərini nümayiş etdirirdilər. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Bələdiyyəsi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev və Bələdiyyə üzvləri, YAP Mingəçevir şəhər təşikilatının sədri Bəxtiyar Mustafayev, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Yunan-Roma güləşi üzrə respublikanın tanınmış idman mütəxəssisləri və hakimləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər. Tədbirin əvvəlində Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək tədbir iştirakçılarını salamladı, Ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirin təkilatçılarına minnətdarlığını ifadə etdi. Ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edərək idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan danışdı,yarışda iştirak edən komandalara uğurlar arzuladı. Azərbaycan Bələdiyyəsi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov təmsil etdiyi qurumun adından yarış iştirakçılarına salamını çatdırdı və onlara uğurlar arzuladı. Fərdi çəki dərəcəsi üzrə yarışlarda qalib gələn idmançılar fəxri diplom və döş nişanı ilə təltif olundular. Qalib komandalara Azərbaycan Bələdiyyəsi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları və pul mükafatı verildi.