Mingəçevirdə izdihamlı tədbir keçirildi
27 sentyabr 2024 | 16:35
Mingəçevirdə 27 Sentyabr - Anım Günü qeyd olunub 27 sentyabr Anım günü münasibəti ilə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirildi. Şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşlarının, Mingəçevir Bələdiyyəsinin üzvlərinin, ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, qazilərin, müharibə iştirakçılarının, əmək veteranlarının, mətbuat nümayəndələrinin, idarə, müəssisə və təşkilat kollektivlərinin iştirak etdiyi tədbir Mingəçevir şəhidlərinin xatirəsinə yaradılmış Zəfər Parkı və “Şəhidlər unudulmur” Xatirə Kompleksinə ictimai baxışla başladı. Heydər Əliyev prospektində yaradılmış Zəfər Parkı və “Şəhidlər unudulmur” Xatirə Kompleksinə ictimai baxış zamanı şəhid ailələri və qazilər Kompleks önündə xatirə şəkili çəkdirərək onu yaradanlara minnətdarlıqlarını ifadə etdilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələrinin üzvləri və qazilərlə söhbət zamanı şəhidlərimizə Allahdan rəhmət dilədi, bu kompleksin yaradılmasında yaxından iştirak etdiklərinə görə onlara minnətdarlıqlarını bildirdi. Qeyd olundu ki, Kompleks Mingəçevirdə yeni yaradılan layihənin başlanğıcıdır bu işlər davam etdiriləcəkdir. Tədbir Mingəçevir Şəhidlər Xiyabanında daha böyük izdihamla müşaiyət olundu. Anım tədbiri zamanı Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsinə ağacəkmə aksiyası keçirildi, yaşıllıq zolaqlarına 110 ədəd şam və küknar ağac tingləri əkildi. Şəhidlərimizin xatirəsinə dua oxunduqdan sonra torpaqlarımızın müdafiəsi və azad olunması, ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış etdi. Qeyd olundu ki, ötən əsrin 80-ci illərinin sonunda başlayan Dağlıq Qarabağ problemi nəticəsində Azərbaycanın bir sıra rayonları erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Ermənistanın və dünya ermənilərinin məqsədi Qarabağda ikinci erməni dövlətinin yaradılmasına nail olmaq idi. Buna görə də Azərbaycana beynəlxalq təzyiq də var idi. Lakin 1993-cü ildən sonra ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərin qarşısını qətiyyətlə aldı. Azərbaycanın hələ çətin, zəif vaxtlarında Ulu öndər dövlətimizin milli maraqlarını inamla təmin etdi, dünya ermənilərinin niyyətinin qarşısını uzaqgörənliklə aldı. 2020-ci ilin iyul və avqust aylarında ermənilərin törətdiyi təxribatlar nəticəsində sərhədlərimizdə pozuculuq fəaliyyəti baş verdi, şəhidlərimiz oldu. Növbəti belə bir təxribat 27 sentyabrda baş verdi. Erməni hərbçiləri sərhədboyu hücum əməliyyatları təşkil edərək növbəti təxribata əl atdılar. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə ordumuz əks hücuma keçdi. 44 günlük müharibə nəticəsində işğal altında olan 8 rayonumuz, Xocavənd və Ağdərə ərazilərinin bir hissəsi işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa edildi. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı Azərbaycanın siyasi nüfuzu da artdı, dünya dövlətləri Azərbaycanın gücünü gördü. Bu qələbənin memarı olan cənab İlham Əliyev dünya dövlətlərinə Qarabağın Azərbaycan olduğunu sübut etdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan ordusu irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq. Dörd il öncə, sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu 44 günlük zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyün təmin etdi. Bu “ildırım sürətli müharibə”lər sırasına düşməyə layiq olan bir qəhrəmanlıq nümunəsidir. Silahlı qüvvələrimiz bəşəriyyətin hərb tarixində yeni səhifə açdılar. Dünyanın müxtəlif ölkələrini təmsil edən hərbiçilərin bu sahə üzrə mütəxəssislərinin fikrincə XXI əsrdə 5-ci nəsil silahlarla təchiz olunan ordumuz müasir müharibə aparmağın parlaq örnəyini ortaya qoydu. Şəhər rəhbəri bildirdi ki, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə mənfur qonşularımız Laçın, Kəlbəcər, Daşkəsən istiqamətində yeni təxribat törətdi. Qəhrəman Azərbaycan Ordusu bu təxribatın da qarşısını müvəffəqiyyətlə aldı və bir neçə strateji yüksəkliklər əldə edildi. Ermənilər sülhməramlıların nəzarətində olan Azərbaycan ərazisində tez-tez terror və təxribat aparır, işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərinə maneçilik törədirdilər. Onların mina terroru nəticəsində polis əməkdaşları və mülki şəxslər həlak oldular. 2023-cü ilin 19 sentyabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişi ilə Qarabağ iqtisadi rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərində antiterror əməliyyatları başladı. 23 saat 43 dəqiqə ərzində aparılan əməliyyatlar nəticəsində 90-a yaxın strateji əhəmiyyətli ərazilər nəzarətə götürüldü. Antiterror əməliyyatlarından sonra bütün Qarabağ torpağı azad olundu, suverenliyimiz tam bərpa olundu. Artıq bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Antiterror əməliyyatları zamanı şəhidlərimiz və yaralılarımız oldu. Azərbaycan xalqı şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm. Bu qələbələrdə Mingəçevir şəhərinin də öz payı vardır. Vətən müharibəsi başlayan tarixdən Mingəçevir gəncləri öz sözlərini dedilər. Vətən müharibəsində 1041 nəfər iştirak etmiş, 54 nəfər şəhidlik zirvəsinə ucalmış, 100 nəfərdən çox gənclərimiz yaralanmışdır. Antiterror əməliyyatlarında isə 5 nəfər şəhidimiz oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinə və qazilərimizə diqqət və qayğı göstərilir. “YAŞAT” Fondu tərəfindən şəhid ailələrinin sosial problemlərinə dəstək olunur, qazilərimizin müalicəsi təşkil olunur. Şəhər İcra Hakimiyyətinin xətti ilə köməkliklər göstərilir, onların mənzil növbəliyi məsələsi həll olunur. İyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 mənzilli bina istismara verildi. Şəhid ailələri və müharibə əlillərimizin müəyyən qismi mənzillə təmin olundu. Həmin ərazidə daha 2 binanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Şəhid ailələrinin üzvləri və qazilərimizin işlə təminatı məsələsi də diqqət mərkəzindədir. 22 küçəyə şəhid adı verilib, 99 şəhid ailəsi və müharibə əlili mənzil növbəliliyinə götürülmüşdür. Şəhid ailələri və qazilərimizin sosial problemlərinin həll edilməsi şəhər İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin 02 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr Anım günü təsis edilmişdir. Bu günkü Anım günündə də biz torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüzün bərpası uğrunda həlak olan şəhidlərimizi anır, ehtiramımızı bildiririk. Onların xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Sonra Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin şəhər şöbəsinin sədri Əliağa Bəndəliyev, ictimaiyyət nümayəndəsi Rizvan Mikayıllı, iki şəhid anası Nəhayət Həsənova, Vətən müharibəsi əlili Pərviz Məmmədov çıxış edərək torpaqlarımızın bötüvlüyü uğrunda həlak olan bütün şəhidlərimizə rəhmət dilədilər, Anım günü ilə bağlı fikirlərini bölüşdülər. Şəhər İcra Hakimiyyətinin başçısı və mərasim iştirakçıları şəhidlərin məzarlarını, İtkinlər kompleksini ziyarət edərək gül dəstələri qoydular, şəhid ailələrinin üzvləri ilə görüşərək söhbət etdilər. Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə ölkəmizin hər bir yerində olduğu kimi saat 12:00-da Mingəçevir şəhərində bir dəqiqəlik sükut edildi.
Həmin gün Mingəçevir Dövlət Dram Teatrında şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu.