Mingəçevirdə Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Ağacəkmə kampaniyası uğurla davam edir.
01 mart 2023 | 12:34
Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş tədbirlər planına müvafiq olaraq Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə mart ayının 1-də Samux küçəsindəki Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin mal-material anbarı önündəki ərazidə ağacəkmə kampaniyası keçirilib. Əvvəlcədən qeyd edək ki, ərazi kol-koslarla tamamilə itib batmış bir sahə idi. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəhbərliyinə göstərişinə əsasən burada təmizlənmə işləri aparılmış, sahə başdan-başa yararlı vəziyyətə salınmışdır. Ağacəkmə kampaniyası da məhz burada səliqə-sahmanın yaradılmasına, insanların istirahətinin təşkilinə xidmət edir. Ulu öndərin anadan olmasının 100 illiyi ərəfəsində həyata keçirilən bu tədbir iştirakçılar tərəfindən razılıqla qarşılandı. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və partiya üzvləri, könüllülər, idarə, müəssisə və təşkilatların rəhbər heyəti və təmsilçiləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Ağacəkmə kampaniyası Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Nizami İsmayılovun bilavasitə təşəbbüsü ilə rəhbərlik etdiyi kollektivin üzvləri və şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən aparılırdı. Qabaqcadan ağacların əkilməsi üçün çalalar qazılmış, əraziyə əsasən eldar şamlarından ibarət ağaclar gətirilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçılarını salamladıqdan sonra il boyu ağacəkmə kampaniyasının şəhərimizin müxtəlif ərazilərində keçiriləcəyini bir daha diqqətə çatdırdı. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu xüsusilə vurğulayaraq hamını bu kampaniyada fəallıqla iştirak etməyə dəvət etdi. Sonra ağacəkmə kampaniyasına start verildi. Həmin gün əraziyə 150 ədəd eldar şamı tingi əkildi.