Mingəçevirdə Dövlət Bayrağı Günü qeyd olundu
09 noyabr 2023 | 14:59
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-da Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi Mingəçevirdə də noyabrın 9-da Dövlət Bayrağı Günü böyük coşqu ilə qeyd olunub. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir şəhərin Bayraq Meydanında baş tutub. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra aparatının məsul işçiləri, hüquq-mühafizə oqranlarının rəhbərləri, YAP şəhər təşkilatının üzvləri, Mingəçevir Bələdiyyəsinin rəhbərliyi və üzvləri, ictimai təşkilatların rəhbərləri və nümayəndələri, mətbuat işçiləri, əmək və müharibə veteranları, qazilər, tələbələr iştirak ediblər. Tədbir Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasının sədaları altında Azərbaycan Bayrağının meydana gətirilməsi ilə başlayıb. Uşaq Gənclər İnkişaf Mərkəzi şagirdlərinin təqdim etdikləri kompozisiyalar maraq və alqışlarla qarşılanıb. Vətənpərvərlik ruhlu mahnı və rəqslərin, şeirlərin təqdimatı iştirakçılarda ruh yüksəkliyi yaradıb.