Mingəçevirdə “Azərenerji” ASC və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunan tədbir keçirilib.
20 oktyabr 2026 | 16:33
Əvvəlcə ölkəmizdə elektroenergetika sahəsinin tarixini və bu gününü əks etdirən fotolardan ibarət sərgiyə baxış olub. Tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə elektroenergetika sahəsinin inkişafına göstərdiyi diqqətdən bəhs edən “Müstəqil energetikanın banisi” adlı video-çarx nümayiş etdirilib. Tədbirdə həmçinin, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevin 20 Oktyabr – Energetiklər Günü münasibətilə əməkdaşlara ünvanladığı təbrik müraciəti səsləndirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək Mingəçevirin inkişafında energetika sahəsinin və energetiklərin əməyinin mühüm rolunu qeyd edib. Vurğulanıb ki, tədbirin məhz Mingəçevirdə keçirilməsi rəmzi məna daşıyır. Azərbaycanın energetiklər şəhəri kimi tanınan Mingəçevir uzun illərdir ölkənin elektroenergetika sisteminin əsas mərkəzlərindən biridir. Burada formalaşmış zəngin energetika ənənələri, böyük enerji obyektləri və energetiklərin əməyi ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. "Azərenerji" ASC-nin Nəzarət İdarəsinin rəisi Səməd İslamov çıxış edərək demişdir. Son illərdə ölkənin elektroenergetika sistemində böyük həcmdə yenidənqurma və modernləşmə işləri həyata keçirilib. Yeni generasiya gücləri yaradılıb, elektrik stansiyaları və yarımstansiyalar tikilib və yenidən qurulub, yüksək gərginlikli ötürücü şəbəkələr müasirləşdirilib, enerjisistemin idarə olunmasında rəqəmsal texnologiyaların tətbiqi genişləndirilib. Azərbaycanın energetika tarixində xüsusi yeri olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının 45 illiyinin tamam olduğu qeyd edilib. Tədbirdə “8 Noyabr” Elektrik Stansiyasının direktoru Üzeyir Yusifov Azərbaycan energetikasının keçdiyi inkişaf yolu, son illərdə “Azərenerji” ASC tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr və enerji sisteminin gələcək inkişaf istiqamətləri barədə məlumat verib. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında energetika sahəsinin inkişafında insan kapitalının roluna diqqət çəkərək, peşəkar kadrların hazırlanması, gənc mütəxəssislərin inkişafı, elm, təhsil və istehsal arasında əməkdaşlığın genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. “8 Noyabr” Elektrik Stansiyasının əməkdaşı, Vətən müharibəsi qazisi Toğrul Eminov enerji sahəsində çalışan əməkdaşlara göstərilən diqqət və qayğıdan bəhs edib. Tədbirin davamında 20 Oktyabr – Energetiklər Günü çərçivəsində “AzərEnerji” ASC tərəfindən “Azərbaycan enerjisisteminin arxitekturası” kitabının təqdimatı keçirilib. Sonda energetika sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, şəhərin inkişafında xidməti və ictimai həyatda fəal iştirakı ilə fərqlənən əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunublar. Gənc nəslin energetika sahəsinə marağının artırılması məqsədilə tələbələr də mükafatlandırılıblar