Mingəçevirdə “Aprel döyüşləri: Böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib
05 aprel 2023 | 12:24
Aprel ayının 5-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti və DQİDK Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri: Böyük zəfərin müqəddiməsi” mövzusunda konfrans keçirilib. Konfrans öncəsi şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov başda olmaqla iştirakçılar Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunmuş aprel döyüşlərində şəhid olmuş igidlərin məzarlarını ziyarət edərək, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Aprel şəhidlərinin fotoları və Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanan Aprel döyüşlərini əks etdirən əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı ilk günlərdən diqqət yetirdiyi prioritet istiqamətlərdən biri kimi hərbi quruculuq məsələsini diqqət mərkəzində saxlayıb. Onun 2003-cü ildə andiçmə mərasimindəki nitqində qeyd etdiyi: “Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir”, vədinə ötən illərdə sadiq qaldığının, ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüldüyünün, silahlı qüvvələrimizdə kəmiyyət və keyfiyyət dəyişikliklərinin yaranmasına nail olunmasının şahidi olduq. Nəticədə, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordumuz dahi şəxsiyyətin müdrik varisi İlham Əliyev tərəfindən modernləşən silahlı qüvvələrə çevirilib.Məlum olduğu kimi 2016-cı il aprel ayının 1-dən 2-sinə keçən gecə erməni qəsbkarları növbəti təxribat törədərək ərazimizə hücum təşkil etmişlər. Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuz 2000 hektardan artıq ərazini azad etmiş və daha çox ərazi əməliyyat baxımından bölmələrimizin nəzarətinə keçmişdir. Eyni zamanda Ağdərə, Füzuli və Cəbrayıl rayonları ərazilərindəki strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilmişdir. Bu hadisə ordumuzun qüdrətini, qəhrəmanlığını, xalqımızın milli həmrəyliyini və öz rəhbəri ətrafında sıx birləşərək səfərbər olmasının təcəssümü kimi tarixə yazılmışdır. Aprel döyüşləri zamanı Mingəçevir şəhərindən olan dörd hərbi qulluqçu, Teymur Qasımov, Adil Adilzadə, Rüstəm Əhmədov və Rahim Tağıyev şəhidlik zirvəsinə ucalmışdılar. Şəhidlərimizin dördünün də adı şəhərimizdə əbədiləşdirilmiş, hər birinin adına küçə verilmiş, ikisinin ailəsi mənzillə təmin edilmiş, digər ikisinin ailəsinin mənzilləri yenidən tikilmişdir. Möhtərəm cənab Prezidentin tapşırığına uyğun olaraq şəhid ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar, onların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir. Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbə ilə birgə keçirdiyimiz tədbirimizin də əsas məqsədi bu zəfər günlərini anmaq, Aprel döyüşləri qəhrəmanlarımızı xatırlamaqdır. Tədbirdə DQİDK Yevlax bölgəsi üzrə şöbənin baş məsləhətçisi Əlisa Fərəcov, Aprel şəhidlərimiz, Rüstəm Əhmədovun atası Oruc Əhmədov, Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, Adil Adilzadənin anası Gülnarə Abdullayeva, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhər veteranlar təşkilatının sədr müavini Rizvan Mikayıllı, şəhər Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı çıxış ediblər. Tədbirə yekun vuran şəhər rəhbəri qeyd edib ki, 2016-cı il Aprel döyüşlərinin davamı olaraq , 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan cənab İlham Əliyevin əsl sərkərdəlik qətiyyəti ilə Zəfər yolunda inamla irəliləyən Azərbaycan Milli Ordusu 30 illik işğala son qoydu. Aprel döyüşləri zəfərə gedən yolun başlanğıcı oldu. Bu qələbə nəticəsində Birinci Qarabağ müharibəsində və Aprel döyüşlərində şəhid olan igid oğullarımızın ruhları bir daha şad oldu. Çünki, onların istəyi Qarabağın azadlığı idi və bu gün həmin torpaqlar azaddırlar.