Mingəçevirdə akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş konfrans keçirildi
28 aprel 2026 | 14:47
Aprelin 28-də Şəhər Mərkəzi Xəstəxanasının akt zalında Mingəçevir şəhər İcra Hakimiyyətinin, Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibəti ilə “Zərifə Əliyeva — insanlığa nur bəxş edən ömür” mövzusunda konfrans keçirilib. Tibb işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Sonra “Zərifə Əliyeva — insanlığa nur bəxş edən ömür” mövzusunda sənədli film nümayiş edilib.
Konfransı açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, bu gün, aprelin 28-i tarixi Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümüdür. Akademikin həyat yoluna nəzər salan İcra başçısı onun çoxşaxəli fəaliyyətindən söz açıb. Qeyd edib ki, böyük oftalmoloq alimin həyatı və irsi həkimlik sənətinin həm elmi, həm və mənəvi zirvəsini özündə birləşdirir. O, Azərbaycan tibb elminin inkişafında silinməz izlər qoymaqla fundamental araşdırmaları, pedaqoji xidmətləri ilə seçilmişdir. Elmi fəaliyyətinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edən Zərifə xanım bu xəstəliyin geniş yayıldığı rayonlara gedərək göz həkimlərinə mühazirələr oxumuş, yüksək ixtisaslı kadrların yetişdirilməsində mühüm addımlar atmış, əhali arasında maarifləndirici söhbətlər aparmış, uşaq evlərində böyüyən kimsəsiz uşaqlar arasında yayılan xəstəliyin qarşısının alınmasında xüsusi xidmətlər göstərmişdir. Onun həyat yolu, elmi fəaliyyəti və insani keyfiyyətləri gələcək nəsillər üçün örnək olaraq qalır, həkimlik peşəsinin ən ali dəyərlərini özündə ehtiva edir. O, Azərbaycan tibbini beynəlxalq aləmdə tanıdıb. Xalqımız onun xatirəsini hörmətlə anır, onu insanlığa xidmətin, vicdanın və həkimlik şərəfinin nəbzi kimi daim uca tutur. Milli Oftalmologiya Mərkəzinin Zərifə xanımın adını daşıması da xatirəsinə göstərilən ehtiramın bir nümunəsidir. İcra başçısı çıxışında vurğulayıb ki, Zərifə xanım təkcə həkim kimi deyil, həm də Ulu Öndər Heydər Əliyevin fədakar ömür yoldaşı, sirdaşı, Azərbaycana qalib sərkərdə, siyasi xadim, qətiyyətli rəhbər yetişdirən cənab Prezident İlham Əliyevin anası kimi hər zaman ehtiramla xatırlanır, xatirəsi əziz tutulur. Konfransda
Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ülfət Qurbanov, şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Soltan Rüstəmov, şəhər Mərkəzi Xəstəxanasının göz cərrahı Tariyel Rüstəmov, ictimaiyyət nümayəndəsi Validə Əlizadə çıxışlarında yüzlərlə elmi işin, monoqrafiyaların, elmi araşdırmaların, dərsliklərin və dərs vəsaitlərinin müəllifi olan Zərifə xanım Əliyevanın fəaliyyətinin əsas hədəflərindən, insan sağlamlığına verdiyi töhfələrdən, ailə rəhbəri, ana kimi yetişdirdiyi vətənpərvər övladlarına qayğılarından, sevgisindən bəhs ediblər.