Mingəçevirdə abadlıq işləri davam etdirilir.
21 iyul 2025 | 18:09
Bu gün Azərbaycanın bütün bölgələri, şəhər və kəndləri, qəsəbələri kimi Mingəçevir şəhəri də yeni inkişaf dövrünü yaşayır. Burada aparılan abadlıq-quruculuq işləri şəhərin gözəlliyinə daha bir rəng də əlavə edib. Dövlətimiz tərəfindən inkişafa və quruculuğa verilən töhfələr Mingəçevirin inkişafında da müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın, eləcə də Cənubi Qafqazın mühüm energetika mərkəzlərindən biri kimi tanınan Mingəçevirin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində şəhərdə həyata keçirilən genişmiqyaslı uğurlu layihələr, abadlıq, quruculuq və tikinti işləri mingəçevirlilərə xoş ovqat və məmnunedici həyat tərzi bəxş edib. Son illər Mingəçevir şəhər İcra Hakimiyyətinin iş planına və İcra Başçısı İlham İsmayılovun müvafiq tapşırıqlarına uyğun olaraq ölkəmizin dördüncü ən böyük şəhərində sosial-iqtisadi layihələr uğurla davam etdirilir, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan ərazi və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur, ara küçələrdə sakinlərin və avtomobillərin hərəkəti üçün çətinlik yaradan torpaq yollarda asfaltlanmaya hazırlıq və asfaltlanma işləri yerinə yetirilir. Bununla əlaqədar Şəfa Bağlar Massivində, Qaçaq Nəbi, Nəsimi küçələrində torpaq yollarda asfaltlanmaya hazırlıq və asfaltlanma işləri uğurla öz həllini tapır. Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Küçələrin asfaltlanması şəhər sakinləri tərəfindən məmnuniyyətlə qarşılanır və cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər. Qeyd edək ki, şəhərin asfaltlanmaya ehtiyac olan küçələrində bu işlər mərhələli şəkildə davam etdirilir.