Mingəçevirdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub
31 mart 2023 | 16:28
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Soyqırımı hadisələri ermənilərin tarixən xalqımıza qarşı apardığı məqsədyönlü siyasətdir” mövzusunda tədbir keçirilmişdir. Anım tədbirində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsinə ucaldılmış “Soyqırım Abidəsi” önünə gül-çiçək dəstələri qoymuşlar. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə soyqırım hadisələri zamanı vəfat etmiş və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan şəhər rəhbəri qeyd etdi ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni vandalları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri etnik qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir. Azərbaycan xalqına qarşı törədilmiş bütün faciələrə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli fərmanı ilə respublikamızda 31 Mart - Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Tədbirdə “1918-ci ilin soyqırımı hadisələri ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətdir” mövzusunda şəhər veteranları təşkilatı idarə heyətinin üzvü Mirzə Cavadov, “1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin tərkib hissəsidir” mövzusunda MDU-nun dosenti Mayıl İsmayılov, “1988-1993-cü illərdə azərbaycanlıların soyqırıma məruz qalması mənfur erməni siyasətinin növbəti mərhələsidir”mövzusunda MDU-nun dosenti Flora Namazova, “44 günlük Vətən müharibəsindəki zəfərimiz ermənilərin tarixən törətdikləri soyqırımı aktlarına tutarlı cavabdır” mövzusunda AMEA-nın dissertantı Gülər Əjdərzadə məruzələrlə çıxış etdilər.
Tədbirin işinə yekun vuran şəhər rəhbəri İlham İsmayılov qeyd etdi ki, tarixi yaddaşımızın qorunması, başımıza açılanlardan ibrət götürülməsi və gələcək nəsillərin əsil həqiqətlərlə məlumatlandırılması hesab edirəm ki, hər birimizin vətəndaşlıq borcudur. Bilirik ki, ölkə Prezidenti cənab İlham Əliyev bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir və artıq biz bunun əyani nəticələrini görürük. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız Şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Bir daha soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və dövlətimizə tərəqqi arzulayıram.