Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid və qazi uşaqları üçün bayram şənliyi təşkil olunub

27 dekabr 2023 | 10:53

Dekabrın 26-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərin və qazilərin övladları üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə bayram şənliyi keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, şəhidlərimizin anaları, ailə üzvləri, övladları, qazilər və onların uşaqları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Tədbir Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər Uşaq Gənclər və İnkişaf Mərkəzinin müəllim və şagirdlərinin təqdim etdiyi kompozisiya, mahnı və rəqslərlə davam etdirilib. Klounların təqdim etdiyi şən məzhəkələr, Şaxta baba və Qar qızın söhbətləri ilə şənlənən qəhrəmanlarımızın uşaqları şən saatlar keçiriblər. Fədakar vətən övladlarının uşaqları mahnılar oxuyub, şeirlər söyləyib, rəqslər ediblər.

Bayram tədbirində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək uşaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək ən xoş arzularını çatdırıb. Şəhər rəhbəri uzun illərdən sonra dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi, qəhrəman şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin fədakarlığı sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsində dövlətimizin qazandığı böyük Zəfərdən danışıb. Qeyd olunub ki, Azərbaycanın vətənpərvər övladlarının qorxmazlığı və şücaəti sayəsində torpaqlarımız işğaldan azad olunub, yurdumuzun ərazi bütövlüyü bərpa olunub. Bizim hər birimiz şəhidlərimizin ruhu qarşısında baş əyirik, Allah onlara rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Cənab prezidentimiz şəhid övladlarına, qazilərimizə, onların uşaqlarına hər zaman xüsusi diqqət və qayğı göstərir. Biz də Mingəçevir şəhidlərinin və qazilərimizin övladlarına olan diqqətimizi əsirgəmirik, onların sağlam və xoşbəxt böyüməsi üçün lazım olan bütün köməklikləri göstərməyə nail oluruq. Bu gün azad olunan torpaqlarımızda böyük quruculuq işləri aparılır, dövlətimiz inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutur, çünki, Böyük Zəfər dövlətimizin gücünü, qüdrətini dünyaya tanıtdı. Əziz uşaqlar, bir daha bayramınız mübarək, hər birinizə sevinc dolu ömür arzulayıram.

İki şəhid qardaşın, Musa və Tural Həsənovun anası Nəhayət Həsənova göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək balacaları təbrik edib. Sonda şəhər rəhbəri uşaqlara bayram hədiyyələrini təqdim edib. Xatirə şəkilləri çəkilib.

Keçidlər