Mingəçevir şəhərinin nümayəndə heyəti Uralsk şəhərində keçirilən “Şəhər günü” tədbirlərində iştirak edib
16 sentyabr 2026 | 17:27
10-13 sentyabr 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərində keçirilən “Şəhər günü” tədbirlərində Mingəçevir şəhərinin nümayəndə heyəti iştirak edib. Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərinin akimi Murat Bulatoviç Baymenovun dəvəti ilə baş tutan səfərdə Mingəçevir şəhərini Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Fərid Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Mingəçevir şəhərində fəaliyyət göstərən “Qədiroğlu” MMC-nin təsisçisi Anar Umudəliyev də yer alıb. Səfər çərçivəsində nümayəndə heyəti Uralsk şəhərinin rəhbərliyi ilə görüş keçirib. Görüş zamanı iki şəhər arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Nümayəndə heyəti, həmçinin, “Şəhər günü” münasibətilə təşkil olunan rəsmi qəbulda, mədəni-kütləvi tədbirlərdə, sərgilərdə və bayram proqramına daxil edilmiş digər tədbirlərdə iştirak edib. Səfər zamanı Uralsk şəhərinin tarixi-mədəni irsi, şəhər infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq imkanı əldə edilib. Qeyd edək ki, Mingəçevir və Uralsk şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq münasibətləri uzun illərdir davam edir. Nümayəndə heyətinin Uralsk şəhərinə səfəri iki şəhər arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, iqtisadi, humanitar və mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olub.