Mingəçevir şəhərinin nümayəndə heyəti Özbəkistanda Gül festivalında olmuşlar
26 iyun 2024 | 11:09
Xəbər verildiyi kimi, bu il may ayının 21 Qubada 2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Daşkənd şəhəri hakiminin müavini Zafarxuja Tursunov, Buxara vilayəti hakiminin müavini Rizo Asadov, Sırdərya vilayəti hakiminin müavini Şoxrux İsakulov təmsil etdikləri inzibati ərazi vahidlərinin iqtisadi potensialı, həyata keçirilən layihələr barədə məlumat verib, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüblər. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfərinin iqtisadi hissəsinin hazırlanmasına dair Yol Xəritəsi, həmçinin Azərbaycan və Özbəkistan arasında Füzuli və Gülüstan, Biləsuvar və Termez, Mingəçevir və Namanqan şəhərlərinin qardaşlaşması barədə sazişlər imzalanıb. Sənədlərin icrasının xalqlarımızın həmrəylik ruhunda yaxınlaşması və birbaşa əlaqələrin gücləndirilməsi üçün yeni perspektivlər açacağı vurğulanıb.
Buna müvafiq olaraq iyunun 20-dən 23-dək Mingəçeviri təmsil edən nümayəndə heyəti Özbəkistanın Namanqan şəhərində keçirilən “Namanqan Flowers-2024” 63-cü beynəlxalq gül festivalında iştirak ediblər. Ənənəvi olaraq keçirilən gül festivalında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Hikmət Kərimov, şəhər Bələdiyyəsinin sədr müavini Əli Əliyev, Mingəçevir Toxuculuq fabrikinin direktoru Əli Əsədov, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan iştirak ediblər.
İyunun 20-də açılış mərasimi keçirilən festivalda Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov çıxış edib. Festivala Azərbaycan və digər ölkələrdən gələn mədəniyyət rəhbərləri, incəsənət nümayəndələri, professional gülçülər, landşaft dizaynerləri, tanınmış şəxsiyyətlər qatılıblar. Nümayəndə heyəti Namanqan şəhərində fəaliyyət göstərən Mədəniyyət Evi, Namanqan Dövlət Dram Teatrı, Kukla Teatrının rəhbər heyəti ilə görüş keçiriblər. Nümayəndə heyəti həmçinin fabriklərin fəaliyyəti, avadanlıqlarla yerindəcə tanış olaraq, Mingəçevir şəhəri ilə Namanqan şəhərinin mədəni iqtisadi inkişafına yüksək töhfə verən bu fabriklərin birgə inkişafının artırılması və fəaliyyətinin genişlənməsi istiqamətində maraqlı və yaddaqalan müzakirələr aparıblar. Özbəkistanın Daşkənddən sonra ikinci ən çox əhalisi olan Namanqan şəhərində keçirilən festival maşınlarının paradını, şəhər sakinləri və qonaqlar alqışlarla qarşılayıblar. 3 milyondan çox adamın iştirak etdiyi festival böyük maraqla qarşılanmışdır.
Mingəçevir şəhər nümayəndə heyəti Namanqan şəhərinin parkında olmuş, orada teatra tamaşa etmiş sonra Namanqan şəhərindəki Tekstil fabrikinə səfər edilmişdir. Səfər zamanı orada istehsal olunan məhsullarla və müasir avadanlıqlarla tanışlıq edilmişdir. Mingəçevir nümayəndə heyəti Özbəkistanlı qardaşlarımızla əlaqələrini şəhərimiz üçün xeyirli və uğurlu olacaqlarını bildirmişlər.