Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində Xocalı soyqırımı anıldı.

25 fevral 2023 | 12:42

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə fevralın 25-də Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdən öncə iştirakçılar Mingəçevir Şəhidlər Xiyabanında Soyqırım abidəsi önünə gül dəstələri qoyublar. Tədbir şəhər İcra Hakimiyyətinin müşavirə zalında baş tutub. Mərasimdə Mingəçevirdə məskunlaşmış xocalıların bir qrupu ilə yanaşı şəhər İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak edirdilər. Tədbiri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd etdi ki, xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 31 il keçir, xalqımıza bu faciəyə görə başsağlığı verdi, Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edirəm. Şəhər rəhbəri Soyqırım hadisəsindən danışaraq o illərdə baş verən hadisələri bir daha xatırlatdı. Məlum olduğu kimi, 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlıları və Rusiyanın 366-cı moto-atıcı alayının iştirakı ilə əliyalın Xocalı əhalisinə qarşı soyqırımı edilmişdir. Xocalı faciəsində 613 sakin qətlə yetirilmişdir ki, bunların da 63-cü uşaq, 106-sı qadın, 70-i qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini itirmişdir. 487 nəfər yaralanmış, 1287 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Xocalı faciəsinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən 1 Mart 1994-cü il tarixdə siyasi qiymət verilmiş və dünya ictimaiyyətinin Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması istiqamətində xeyli işlər görülmüş, Ulu öndərin tapşırığı ilə Xocalı faciəsinin Beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün əməli tədbirlər həyata keçirilmişdir. Ümummilli Lider müdrikcəsinə demişdir: «Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.» Bizə aydındır ki, ölkəmizin ağır günlərində Ulu Öndər Heydər Əliyev Respublika rəhbərliyində olsa idi, nəinki Xocalı faciəsinin, eləcə də bundan əvvəl baş vermiş 20 Yanvar faciəsinin, torpaqlarımızın iyirmi faizinin itirilməsi, xalqımızın başına zaman-zaman gətirilmiş digər faciələrin də qarşısı alınmış olardı. Milli Məclis tərəfindən verilmiş qərarla 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” kimi elan edilmiş və hər il fevral ayının 26-da saat 17:00-da Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalılara və bütün məcburi köçkünlərə diqqət və qayğı göstərir. Xocalılar Azərbaycanın 52 rayonunda məskunlaşmışlar. Xocalıdan olan bacı və qardaşlarımızdan 93 ailə 361 nəfəri köçkünlük həyatını Mingəçevir şəhərində keçirir. Biz çalışırıq ki, imkan dairəsində onları hər cür qayğı və diqqətlə əhatə edək. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin Mingəçevirdəki səlahiyyətli nümayəndəsi Zahir Usubov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İB Mingəçevir filialının sədri Əlağa Bəndəliyev çıxış etdilər. Çıxışlarda Xocalı hadisələrinə dair fikirlər səsləndirildi. 2020-ci ildəki 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı böyük zəfərdən söz açıldı. Xocalı şəhidlərinə və ümumən bütün şəhidlərimizə Allahdan rəhmət diləndi. Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xocalılara şəhər İcra Hakimiyyətinin adından ərzaq bağlamaları verdi.

Keçidlər