Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində mülki müdafiə məşqi keçirilib

22 sentyabr 2026 | 17:10

Mingəçevir şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib. “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən məşqdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, FHN-nin Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, şəhər hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların rəhbər şəxsləri, Fövqəladə hallar üzrə Komissiya, Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə dəstələrinin şəxsi heyəti iştirak edib. Məşqə Mingəçevir şəhər hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin 35 ədəd texnikası və 157 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub. Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub. Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Tədbirdə çıxış edənlər ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar. Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər