Mingəçevir şəhərində kompleks mülki müdafiə təlimi keçirilib
05 iyun 2024 | 17:10
Mingəçevir şəhərində kompleks mülki müdafiə təlimi keçirilib Azərbaycan Respublikasının 2024-cü il üçün mülki müdafiə tədbirləri Planına əsasən 03-05 iyun 2024-cü il tarixlərində Mingəçevir şəhərində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” kompleks mülki müdafiə təlimi keçirilib.
İyunun 5-də şəhərin sağ sahilində mövcud olan ərazidə Mingəçevir şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Aran Regonal Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “”Baş vermiş təbii fəlakətin qarşısının alınması” yekun təliminə baxış keçirilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, müvafiq idarə və təşkilatların rəhbərləri və əməkdaşları, mətbuat nümayəndələri iştirak ediblər.
Təlimdən öncə keçirilən toplantıda şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, Aran Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi, təlimin qərargah rəisi Elşən Bəşirov, Mingəçevir şəhər İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi Xanlar Qurbanov çıxış ediblər. Çıxışlarda təlimin keçirilməsinin əsas məqsədindən söhbət açılıb. Qeyd olunub ki, bu cür təlimlərin keçirilməsinin başlıca məqsədi dislokasiya ərazisində mülki müdafiə planlarının reallıqlarının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətlərinin fövqəladə hadisələr zamanı fəaliyyəti üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin hazırlıq rejiminə gətirilməsidir. Sonra şərti olaraq baş vermiş təbii fəlakətin qarşısının alınması təlimlərinə baxış keçirilib.
Təlim zamanı şəhərin mülki müdafiə qüvvələri fövqəladə hadisələrin baş verməsi barədə şəhər rəhbərliyinin, FHK-nin və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, şəhərin mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza –xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Təlimə baxışdan sonra qeyd olunub ki, təlimin gedişində şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla icra edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Çıxışlar zamanı qəza və təbii fəlakətlərin olmaması arzu olunub, əgər baş verərsə, bütün hadisələrin fəsadlarının qarşısının alınması üçün hazırlığın yüksək səviyyədə olduğu vurğulanıb.