Mingəçevir şəhərində iftar süfrəsi açılıb
19 mart 2025 | 11:22
Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə açılan 200 nəfərlik iftar süfrəsində İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər rəsmləri, şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti, din xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müqəddəs Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını çıxışında qeyd edən şəhər rəhbəri İlham İsmayılov bu mübarək ayda xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı arzulayıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsini diləyib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı Əli Məmmədov, iki şəhid anası Nəhayət Həsənova çıxış edərək arzularını çatdırıblar.
İftar süfrəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.