Mingəçevir şəhərində də abadlıq quruculuq işləri sürətlə davam etdirilir.
08 iyul 2022 | 09:25
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı müvafiq fərmanlara əsasən ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də abadlıq quruculuq işləri sürətlə davam etdirilir. Ötən illər ərzində şəhərin küçələrində müasir asfaltlanma işləri görülmüş, bordürlər və piyada keçid sahələri yaradılmış, işıqlanma sistemi yenilənmişdir. Şəhərdə yeni və müasir görkəmli parklar salınmış, yaşıllıq zolaqlarında rəngarəng ağac tingləri və gül kolları əkilmiş, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış, oturacaqlar qoyulmuş, söhbətgahlar və kölgəliklər hazırlanmışdır. Əsaslı təmir işləri çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına əsasən şəhərdəki çoxmərtəbəli yaşayış binalarının dam örtükləri tamamilə dəyişdirilmişdir. Çoxmənzilli binaların ümumi istifadə sahələrində, bloklarında təmir işləri görülür, pəncərə çərçivələri və seyf qapıları qoyulur ki, bu da sakinlərin razılığı ilə qarşılanır. İşlərin gedişatına daim nəzarət edən, tez-tez quruculuq işləri aparılan ərazilərdə olan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən geniş vüsət alan tikinti işlərinin bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyini bildirir. Hazırda Mingəçevir şəhərində Heydər Əliyev prospektinin başlanğıcında salınan parkda Yaşıllaşdırma və Sanitar təmizlik idarəsinin, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları işləri yorulmadan davam etdirirlər. Eyni zamanda Heydər Əliyev prospektindəki 64 nömrəli binanın qarşısındakı ərazidə işlər başa çatıb. 126-cı məhəllədə şəhər İşıqlanma idarəsinin işçiləri quraşdırma işləri görürlər. Energetiklər qəsəbəsi yaşayış massivində Cəmil Əliyev küçəsindəki 7 və 9 nömrəli binaların giriş blokları təmir olunur. Mənzil Kommunal Təsərrüfatı Kombinatının kollektivinin həvəslə işləməsinə istinadən demək olar ki, quruculuq işləri yüksək səviyyədə həyata keçirilir. O cümlədən Nərimanov 44, Nizami 23/1, 23/2 saylı binalarda Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin kollektivi də işləri sürətlə aparırlar. Qeyd etmək yerinə düşər ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın azad olunmasından sonra ölkə prezdentinin rəhbərliyi ilə bu torpaqlarda geniş quruculuq işlərinə başlanıb və uğurla davam edir. Tarixə zəfər çalaraq qalib olan Azərbaycanın iqtisadi qüdrəti günbəgün yüksəlir, möhtəşəm tədbirlərə ev sahibliyi edir, regionda lider dövlətə çevrilir. Bu o deməkdir ki, Azərbaycanın işıqlı sabahı vətəndaşların rifah halının yaxşılaşmasına yol açır. Bu mənada Mingəçevirin gündən günə abadlaşaraq yeniliklərə nail olması bizi sevindirir.