Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhəri ilə Uralsk şəhəri qardaşlaşmış şəhərlərə çevrildilər

26 avqust 2022 | 17:53

Xəbər verildiyi kimi avqust ayının 24-də Bakı şəhərində Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının ilk iclası çərçivəsində 9 sənəd imzalanıb. Həmin sənədlərdən biri Azərbaycan Respublikasının Mingəçevir şəhəri ilə Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında imzalanmış memorandum idi. Memorandumu Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhərinin hakimi Mirjan Satkanov imzalayıblar. Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının Mingəçevir şəhəri və Qazaxıstan Respublikasının Qərbi Qazaxıstan vilayətinin Uralsk şəhəri, qarşılıqlı hörmət prinsiplərini, Azərbaycan və Qazaxıstan xalqları arasında mövcud olan dostluq münasibətlərini möhkəmləndirmək, təsərrüfat fəaliyyəti subyektləri arasında birbaşa əlaqələr yaratmaq və möhkəmləndirmək niyyətlərini, bərabərhüquqlu və qarşılıqlı maraq əsasında iqtisadi, elmi-texniki və mədəni, işgüzar və ticarət əlaqələrini inkişaf etdirmək istəklərini rəhbər tutaraq, sakinlərinin rifahını öz prioriteti kimi qəbul edərək, aşağıdakılar barədə razılaşdılar:

 1.Mingəçevir şəhəri və Uralsk şəhəri qardaşlaşmış şəhərlər elan olunurlar.

 2. Tərəflər ümumi rifah üçün qarşılıqlı maraq kəsb edən iqtisadi, mədəni- idman, təhsil və digər sahələrdə qarşılıqlı anlaşma və həmrəylik ruhunda qardaşlıq əlaqələrini və əməkdaşlığı inkişaf etdirəcəklər.

 3. Tərəflər mikro, kiçik və orta bizneslər də daxil olmaqla, iki şəhərin işgüzar dairələri arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yardım edəcək, eləcə də, iki şəhərin təhsil alanlarının və digər sakinlərinin müxtəlif sahələrdə səfərlərinin mübadiləsini dəstəkləyəcək və stimullaşdıracaqlar.

 4. Tərəflər qarşılıqlı faydalı şərtlər əsasında energetika, emal, toxuculuq, kimya, qida və digər yüngül və ağır sənaye sahələri daxil olmaqla, sənaye layihələrinin həyata keçirilməsi işində əməkdaşlıq edəcəklər.

 5. Tərəflər Mingəçevir və Uralsk şəhərləri arasında iqtisadiyyatın inkişafına yönəlmiş birgə sərmayə layihələrinin həyata keçirilməsinə töhfə verəcəklər.

 6. Tərəflər hazırkı Memorandumun müddəalarında əks olunan məqsəd və məzmuna uyğun olaraq, iki şəhərin təşkilat strukturları arasında əlaqələrin inkişafını dəstəkləyəcəklər.

 7. Tərəflər Azərbaycan Respublikası və Qazaxıstan Respublikasının qanunvericiliklərinə əsaslanaraq, hazırkı Memorandumun həyata keçirilməsi zamanı yarana biləcək fikir ayrılıqlarını birlikdə nəzərdən keçirəcək və onların müsbət həlli üçün lazımi tədbirlər görəcəklər.

 8. Hazırkı Memorandum imzalandığı andan tətbiq olunur. Hazırkı Memorandum Tərəflərin dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq, Tərəflərin qarşılıqlı razılığı ilə yenilənə bilər. Hər bir Tərəf hazırkı Memorandumu istənilən zaman digər tərəfə yazılı bildiriş göndərməklə ləğv edə bilər.

Qeyd edək ki, Memorandum Bakı şəhərində 24 avqust 2022-ci il tarixində, iki əsl nüsxədə, Azərbaycan, qazax və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Memorandumun müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, rus dilindəki mətnə üstünlük veriləcəkdir. Mingəçevir şəhərinin qardaş ölkənin şəhəri ilə qardaşlaşması hər bir mingəçevirlinin ürəyincədir. Uğur olsun, Mingəçevir!

Keçidlər