Mingəçevir Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalandı
12 may 2023 | 17:05
May ayının 12-də Mingəçevir Şəhəri İcra Hakimiyyətinin müşavirə zalında “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanmışdır. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova, ictimaiyyət nümayəndələri və mətbuat işçiləri iştirak etmişlər. Müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur. Tədbirdə qeyd olundu ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində bağlanması və “Heydər Əliyev ilində” icra olunması əhəmiyyətli hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli bir töhfədir. “Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin-layihəsi Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə görüş keçirilmiş, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov çıxış etmişlər. Sonda AzTU-nun Sosial-inkişaf mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, "Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılova təqdim edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov tərəfindən qonaqlara xatirə hədiyyəsi təqdim olunmuşdur.