Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir.

28 avqust 2023 | 18:06

2023-cü ilin “Heydər Əliyev İli” olması ilə əlaqədar olaraq Mingəçevir şəhər İcra Hakimiyyətində tərtib edilmiş tədbirlər planına uyğun olaraq avqustun 26-da Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir öncəsi Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib. Şəhər Gənclər Evində təşkil olunan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə giriş sözü ilə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsindən danışaraq, dövlətçilik tariximizə Heydər Əliyev dövrü kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafının yalnız rəsmi sənədlərdə deyil, əməli fəaliyyətdə də öz əksini tapdığını diqqətə çatdırmışdır. 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi, müstəqillik dövründə dövlət dili məsələsinin referendumda ayrıca müzakirəyə təqdim olunması dövlət başçısının dilə olan sevgisinin parlaq təzahürü kimi səciyyələndirilmişdir. 2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda isə dövlət dilinin qorunması və inkişafı sahəsində yaranmış problemlər geniş təhlil edilməklə müvafiq həlli yolları göstərilmişdir. İlham İsmayılov XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafında, diplomatiya aləminə yol açaraq dünya dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsində ulu öndərin misilsiz xidmətlərini vurğulamaqla bildirmişdir ki, məhz Heydər Əliyevin imzaladığı sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını və əbədi strategiyasını müəyyən etmişdir. Xalqın milli sərvəti olan dilin dövlət dili statusu qazanmasını dövlətçilik tarixinin ən mühüm nailiyyəti kimi qiymətləndirən İlham İsmayılov Azərbaycan dilinin milli dövlətçiliyimizin əsas atributu kimi özünü təsdiq etməsini məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlamışdır. Digər məruzəçilər Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov “1978-ci il Konstitusiyasında Azərbaycan dövlətinin dövlət dili Azərbaycan dili kimi təsdiq edilməsində Heydər Əliyevin rolu əvəzedilməzdir”, Mingəçevir Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Səadət Ağakişiyeva “Ümummilli Lider Heydər Əliyev Ana dilinin böyük qayğıkeşi və hamisi”, 19 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnurə Yusifova “Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2021-ci il tarixli Fərmanı Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsində əsas sənəddir”, Təbiət riyaziyyat və humanitar elmlər təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Dilarə Səfərli “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, 20 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əsəd Əşrəfov “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilinin həyatımızın bütün sahələrində tətbiqini gerçəkləşdirməsi Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı olmasının bariz nümunəsidir” mövzuları ilə bağlı məruzələr edərək ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin inkişafı məqsədilə həyata keçirilən fundamental tədbirlər barədə ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, gənc nəslin, o cümlədən yüksək intellektli gəncliyin inkişafına hərtərəfli dəstək nümayiş etdirən Ulu öndərin ideyaları bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər