Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar qəbulu oktyabrın 22-də keçirilib.
23 oktyabr 2026 | 09:42
3 nömrəli tam orta məktəbin akt zalında təşkil olunan görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər Bələdiyyəsinin sədri, idarə və müəssisələrin rəhbərləri, müxtəlif küçələrdən gələn sakinlər və mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İlham İsmayılov İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq həyata keçirilən abadlıq-quruculuq və əsaslı təmir işləri barədə qısa məlumat verib. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı ölkəmizin bütün bölgələrinin, həmçinin Mingəçevirimizin də inkişafına imkan yaradır.
Çıxış edən sakinlər görülən işlərdən razılıqlarını bildiriblər. Bəzi ərazilərdə ağacların budanması, kanalizasiya xəttinin çəkilişindən sonra asfalt örtüyündə yaranan çökəkliklərin bərpası, kölgəliyin qoyulması, kanalizasiya sistemində mövcud olan problem-zirzəmidə çirkab suyun olması, uşaqlar üçün idman-əyləncə meydançasının yaradılması və digər məsələlərlə bağlı müraciətlər edilib. Çıxışlarda ölkə Prezidentinə minnətdarlıqlar ifadə olunub.
Müraciətlərlə bağlı aidiyyəti müəssisə rəhbərləri məlumat verərək hər bir məsələni nəzarətə götürüblər. Görüşün sonunda şəhər rəhbəri diqqətə çatdırılan problemlərlə əlaqədar müvafiq müəssisə rəhbərlərinə vətəndaşın iştirakı ilə ərazilərdə olmağı və həllini təmin etmək barədə tapşırıqlarını verib.