Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar qəbulu noyabrın 12-də keçirilib.
13 noyabr 2026 | 10:24
Aztelekom Mingəçevir şəhər şöbəsində keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, sakinlər iştirak ediblər.
Görüşü açan İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə şəhərdə həyata keçirilən abadlıq quruculuq işlərindən danışıb. Qeyd olunub ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Mingəçevirdə reallaşan layihələrin sahəsi genişlənir. Küçə və məhəllələrdə, park və xiyabanlarda insanların rifah halının yaxşılaşdırılması, uşaq və gənclərin fiziki sağlamlığı, əylənməsi üçün nümunəvi şərait yaradılır, işıqlanma sistemi yenilənir, asfalt örtüyü çəkilir və s. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində də bir çox işlər görülmüşdür və davam etdirilir. Əsas məqsəd vətəndaş məmnunluğuna nail olmaqdır. Vətəndaşların məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir.
Çıxış edənlər görülən işlərdən razılıqlarını bildirərək ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Səyyar qəbul zamanı vətəndaşlar asfalt örtüyünün çəkilməsi, uzun müddət istismar olunan və tamamilə qəzalı vəziyyətə düşən elektrik dirəklərinin yenisi ilə əvəz olunması, zirzəmidə yığılıb qalan çirkab suyunun çəkilməsi, dezinfeksiya işlərinin aparılması, çoxmənzilli yaşayış binasının dam örtüyünün təmiri və digər məsələlərlə bağlı müraciətlər edilib.
Qeyd olunan problemləri və aidiyyəti müəssisə rəhbərlərinin məlumatlarını dinləyən İcra başçısı görüşün sonunda bildirilən narahatlıqların qısa vaxt ərzində həllini təmin etməyi tapşırıb.