Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü yanvar ayının 24-də keçirilib

27 yanvar 2025 | 11:52

16 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, məktəbə yaxın olan binalardan gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda və Mingəçevirdə aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Şəhər rəhbəri qeyd edib ki, hazırda Azərbaycan inkişaf dövrünün ən yüksək zamanını yaşayr. Şəhərimizin bütün ərazilərində ardıcıl olaraq abadlıq-quruculuq işləri uğurla icra olunur. Cari il üçün tərtib olunan tədbirlər planına əsasən şəhər Mənzil Fondu tərəfindən 36, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 19, Mənzil Kommunal Təsərrüfatı Kombinatı tərəfindən 7 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılacaqır. 6 məhəllədə abadlıq-quruculuq işlərinin, o cümlədən kanalizasiya sisteminin çəkilişinin başa çatdığı ərazilərdə asfaltlanma işlərinin həyata keçirilməsi, yaşıllıq zolaqlarının yaradılması və genişləndirilməsi, işıqlanma sisteminin çəkilişi nəzərdə tutulur. Energetiklər yaşayış massivində Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə yaradılmış bulağın yaxınlığında mini parkın salınması, Heydər Əliyev prospektində, Puşkin və 20 Yanvar küçələrinin aralığındakı xiyabanda yenidənqurma işlərinin aparılması da tədbirlər planı daxilindədir. Əsas məqsədimiz şəhərimizi gözəlləşdirmək, insanların rifah halının yaxşılaşdırılmasına nail olmaqdır.

Çıxış edən sakinlər şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirərək, problemlərdən danışıblar. 17 saylı məktəbə gedən arxa yola asfalt örtüyün salınması istəyi dilə gətirilib. Həmçinin, bəzi binaların aralığında asfalt örtüyünün çəkilişinin yarımçıq qaldığı, qurumuş ağacların budanmasının zəruriliyi, ağacların suvarılması üçün texniki su xəttinin çəkilişi istəyi diqqətə çatdırılıb. Kögəliyin azlığı, ərazidəki bəzi binaların əsaslı təmirinin vacibliyi də bildirilib.

İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinin məlumatlarını dinləyərək tapşırıqlarını verib. Bildirib ki, vətəndaşların əsas problemlərindən olan məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin yaradılması, istehsal müəssisələrinin inşası üçün hazırlıqlar aparılır. Sahibkar layihələrinin reallaşması sayəsində insanlar iş yeri ilə təmin olunur və bu davam etdiriləcəkdir. Şəhərimizdə quruculuq işlərinin genişlənməsi, sakinlərin rifah halının yaxşılaşdırlması üçün işlərə daha ciddi yanaşılacaqdır.

Keçidlər