Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü sentyabrın 10-da keçirilib.
11 sentyabr 2026 | 10:44
Energetiklər yaşayış massivində, Natavan küçəsindəki 30/3 nömrəli binanın qarşısında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, şəhər prokuroru, polis şöbəsinin rəisi, şəhər Bələdiyyəsinin sədri, sakinlər, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən səyyar qəbulların əhəmiyyətindən danışıb. Dövlət başçısının regionlara göstərdiyi diqqət və qayğıdan, reallaşan abadlıq quruculuq işlərindən söz açıb. Məhəllələrdə, park və xiyabanlarda, küçələrdə görülən quruculuq işlərindən, müasir işıqlanma sisteminin quraşdırılmasından, park və xiyabanların yeni layihələrlə abadlaşdırılmasından, bəhs edib. İnsanların məşğulluğunun diqqətdə olduğu, sahibkar layihələrinə dəstək göstərildiyi qeyd olunub. Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Problemlər diqqətə çatdırılıb. İctimai nəqliyyat sahəsindəki problem, bəzi ərazilərdə asfalt örtüyündəki bərbad vəziyyət, sahibsiz itlərin ərazidən uzaqlaşdırılması, kanalizasiya xəttinin birləşdirilməməsi, dam örtüyünün təmiri, 8 nömrəli tam orta məktəbin hasarının dağılması və digər məsələlər barədə müraciətlər dinlənilib. Şəhər rəhbəri hər bir müraciəti və aidiyyəti müəssisə rəhbərinin məlumatlarını dinlədikdən sonra problemlərin vaxtında aradan qaldırılması üçün yerində tanışlıq etməyi və məsuliyyətlə yerinə yetirməyi tapşırıb.