Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü may ayının 7- də keçirildi
08 may 2026 | 09:47
16 nömrəli tam orta məktəbin akt zalında keçirilən səyyar qəbulda ŞİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, mətbuat işçiləri və sakinlər iştirak ediblər.
Görüşdə çıxış edən şəhər rəhbəri cənab Prezident İlham Əliyevin tapşırığı və imzaladığı sərəncamlara əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi Mingəçevirdə də abadlıq-quruculuq işlərinin geniş müstəvidə davam etdirildiyini bildirib. Həyata keçirilən hər bir layihənin vətəndaş məmnunluğunu təmin etmək məqsədli olduğu qeyd edilib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən bəzi ərazilərdə olan hündür və təhlükə yaradan ağacların budanması, kanalizasiya sisteminin çəkilişindən sonra asfaltlanma işinin keyfiyyətsiz aparılması, oturacaqların təmir edilməsi, mənzillərə istilik sisteminin çəkilməsi, qazanxananın təmir olunması və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Mingəçevir şəhər İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.