Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü may ayının 25-də keçirilib

26 may 2026 | 09:37

Sağ sahil yaşayış massivində, M.Müşfiq küçəsində keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, şəhər Bələdiyyəsinin, idarə və müəssisələrin rəhbərləri və təmsilçiləri, sakinlər və mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İcra başçısı İlham İsmayılov prezident cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan, nur şəhərinin inkişafı və gözəlləşməsi məqsədi ilə reallaşan layihələrdən, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən söz açıb. Dövlət Proqramına və İcra Hakimiyyətinin tədbirlır planına uyğun olaraq Mingəçevirdə görülən abadlıq-quruculuq işlərinin sahəsinin genişləndiyini qeyd edib. Vətəndaşların məşğulluğunun diqqət mərkəzində olduğu, bu istiqamətdə tədbirlərin görüldüyü də qeyd olunub.

Çıxış edən sakinlər şəhərin küçə və məhəllələrində, park və xiyabanlarda həyata keçirilən quruculuq işlərinə görə razılıqlarını ifadə ediblər, ölkə Prezidentinə, əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər. Bəzi yaşayış binalarında mənzillərə təzyiqin aşağı olması səbəbindən içməli suyun zəif çıxması, ərazidə uşaq idman meydançasının yaradılması, hündür və təhlükəli ağacların budanması, oturacaqların yerləşdirilməsi, bəzi ərazilərdə asfalt örtüyündə olan çökəkliklər, dam örtüyünün su novlarının təmizlənməsi və digər məsələlər ilə bağlı müraciətlər diqqətə çatdırılıb.

Aidiyyəti müəssisə rəhbərləri müraciətlərlə bağlı məlumat veriblər. Görüşün sonunda hər bir müraciətin nəzarətə götürüldüyünü bildirən İcra başçısı İlham İsmayılov müvafiq müəssisə rəhbərlərinə problemləri qanunvericiliyin tələblərinə uyğun həllini təmin etməyi tapşırıb.

Keçidlər