Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyul ayının 8-də energetiklər yaşayış massivində Cəmil Əliyev küçəsindəki 17 saylı binanın qarşısında keçirilib.

09 iyul 2025 | 10:13

Görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, yaşayış massivindəki müxtəlif binalardan gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin və kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin küçə və məhəllələrində həyata keçiriləcək abadlıq-quruculuq və əsaslı təmir işləri ilə bağlı məlumat verib. Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən səyyar görüşlərin əsas məqsədi mövcud problemlərin vaxtında həllinə nail olmaqdır. Davamlı olaraq şəhərin müxtəlif ərazilərindəki yaşayış binalarında əsaslı təmir işlərinin aparılacağını, məhəllələrdə nümunəvi şəraitin yaradılacağını, istirahət məskənlərində, xiyabanlarda yeni layihələrlə quruculuq işlərinin həyata keçiriləcəyini qeyd edən şəhər rəhbəri bildirib ki, bu yaşayış massivində görülən işlərin də sahəsi genişlənir. Çıxış edən vətəndaşlar həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Qarşılaşdıqları problemlər barədə məlumat verən sakinlər xahiş və təkliflərini də bildiriblər. Sakinlər binaların qarşısında uşaqlar və gənclər üçün idman və əyləncə qurğularının quraşdırılması, uşaqlar üçün idman meydançalarının yaradılması, ağacların budanması, bəzi binaların yeni kanalizasiya borusunun ümumi qoşulmaması və digər məsələlər barədə müraciətlər ediblər. Oturacaqların və kölgəliklərin qoyulması, yaşıllıq zolaqlarının abadlaşdırılması, asfalt döşənməsinin təmin edilməsi, bəzi yollarda təhlükəsizlik nişanının quraşdırılması kimi məsələlər də diqqətə çatdırılıb. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq qurumların rəhbərlərinə vətəndaşın iştirakı ilə problemlərlə tanışlıq etməyi və həllinə ciddi yanaşmağı tövsiyyə edib və bildirib ki, əsas məqsədimiz diqqətə çatdırdığınız problemlərin nöqsansız həllini təmin etməkdir.

Keçidlər