Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü iyul ayının 7- də keçirilib.
08 iyul 2026 | 09:42
Energetiklər yaşayış massivində, C. Əliyev küçəsindəki 1 saylı binanın qarşısında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər bələdiyyəsinin nümayəndəsi, idarələrin və kommunal xidmət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.
İlham İsmayılov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf Proqramından söz açaraq Mingəçevirdə reallaşan abadlıq-quruculuq işlərinin sahəsinin genişləndiyini qeyd edib. Şəhərdə görülən işlərin vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığını, bu yaşayış massivində yeni-yeni layihələrin icra olunacağını da bildirib.
Çıxış edən sakinlər görülən işlər üçün razılıqlarını bildirərək əməyi olan hər kəsə, xüsusən ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Artıq sıradan çıxmış isti su borularının müasir plastik borularla əvəzlənməsi, mənzillərin sənədləşdirilməsi, qurumuş ağacın budanması, bəzi ərazilərdə yollarda olan bərbad vəziyyət, işsizlik, binaların fasad hissəsinin təmiri, oturacaq və kölgəliyin yerləşdirilməsi və digər məsələlərlə bağlı müraciətlər dinlənilib.
Görüşün sonunda şəhər rəhbəri hər bir müraciətlə bağlı müvafiq müəssisə rəhbərinin məlumatlarını dinləyərək mövcud vəziyyətlə tanışlıq etməyi və həlli üçün tədbirlərin görülməsini tapşırıb.