Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü fevral ayının 6-da keçirildi

07 fevral 2025 | 11:01

Mingəçevir Bələdiyyəsinin iclas zalında keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhərin müxtəlif küçə və məhəllələrindən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq yerlərdə vətəndaşların səyyar qəbullarının həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, bu görüşlər əhalini narahat edən problemlərin birbaşa həlli, sosial əhəmiyyətli müraciətlərin müəyyən edilməsi üçün şəhər İcra Hakimiyyətinin qrafikinə uyğun olaraq hər həftə müxtəlif ərazilərdə keçirilir. Ötən illər ərzində şəhərdə həyata keçirilən abadlıq-quruculuq və əsaslı təmir işlərinin tərtib edilmiş tədbirlər planına uyğun olaraq bu il də davam etdiriləcəyini bildirərək, sakinlərin qarşılaşdıqları problemlərə məsuliyyyətlə yanaşıldığını vurğuladı.

Çıxış edən sakinlər həyata keçirilən abadlıq-quruculuq işlərinə, görə ölkə prezidentinə minnətdarlıqlarını bildirərək, şəhərin gözəlləşməsində xidmətləri olan kollektivlərin əməyini təqdir ediblər. Poblemlər diqqətə çatdırılıb. Bəzi ərazilərdə qurumuş ağacların təhlükəli hal yaratması qeyd olunub. Bir neçə yaşayış binasının dam örtüyündən yağışlı günlərdə suyun damması, dalanlarda asfaltlanma işlərinin aparılmaması, binaların əsaslı təmirinin zəruriliyi, əyilmiş işıqlanma dirəyinin təmiri barədə müraciətlər edilib. Bəzi binaların qarşısında oturacaqların olmaması, sınmış oturacaqların təmiri, uşaq idman meydanlarının yaradılması, həmçinin əyləncə və idman qurğularının qoyulması barədə təkliflər, işsizlik problemi ilə bağlı müraciətlər dilə gətirilib.

Şəhər rəhbəri İlham İsmayılov görüşdə iştirak etdiklərinə görə hər vətəndaşa minnətdarlığını bildirərək diqqətə çatdırılan problemlərlə bağlı aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib. Vətəndaşların əsas problemlərindən biri olan məşğulluğun ölkə prezidentinin diqqətində olduğunu, şəhərimizdə yeni iş yerlərinin yaradılması, yeni istehsal müəssisələrinin inşası üçün hazırlıqların aparıldığını bildirib. Mingəçevirdə həyata keçirilən abadlıq-quruculuq işləri sayəsində, bu sahədə yorulmadan və məsuliyyətlə çalışan kollektivlərin əməyi, zəhməti ilə yaradılan gözəlliklərin şəhərimizə gələn qonaqları da məmnun etdiyini bildirərək hər kəsə işlərində uğurlar arzulayıb.

Keçidlər