Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü fevral ayının 20-də keçirilib

22 fevral 2025 | 18:29

Statistika idarəsində keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, H.Əliyev, Puşkin, N.Nərimanov, Nizami, Ə.Vahid küçələrindəki binalardan gələn sakinlər, idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər.

Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərindən danışaraq bunların vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıdığını bildirib. Ötən il ərzində Mingəçevirdə görülən abadlıq-quruculuq işləri və sosial infrastruktur layihələrin icrasından söz açaraq bu işlərin cari ildə də davam etdiriləcəyini vurğulayıb. Yeni iş yerlərinin yaradılmasının diqqət mərkəzində olduğu və sahibkar layihələrinə dəstək göstərildiyi qeyd olunub.

Çıxış edən sakinlər şəhərdə həyata keçirilən təmir-bərpa və quruculuq işlərinə görə ölkə Prezidentinə, şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, mövcud problemlərdən danışıblar. Bəzi binaların ətrafında olan ağacların təhlükəli hal yaratdığı bildirilib. Yaşıllıq zolaqlarına texniki su xəttinin çəkilməsi və yeni ağac tinglərinin əkilməsi, bəzi binaların əsaslı təmirinin aparılması istəyi ifadə olunub. Kanalizasiya xəttinin çəkilişinin tam başa çatmaması və ya mövcud olan nasazlıq, zirzəmilərdə olan çirkab suyun sağlamlıq üçün təhlükə yaratması, sakinlərin istirahəti üçün oturacaq və kölgəliyin qoyulması təklifi, həmçinin sahibsiz itlərin təhlükə mənbəyi olduğu da diqqətə çatdırılıb. Ərazilərdə uşaqlar və gənclər üçün idman qurğularının qoyulması, meydanların yaradılması da sakinlərin müraciətləri içərisində olub.

İcra başçısı İlham İsmayılov diqqətə çatdırılan problemlərin nəzarətə götürüldüyünü və vətəndaşların iştirakı ilə baxış keçiriləcyini bildirərək aidiyyəti müəssisə rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər