Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü fevral ayının 19-da keçirilib.
20 fevral 2026 | 11:21
Milli Qəhrəman Natiq Qasımov adına 4 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə İcra başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, müxtəlif ərazilərdən gələn sakinlər, şəhər Bələdiyyəsinin sədri, idarə və müəssisələrin rəhbərləri, mətbuat işçiləri iştirak ediblər.
Görüşü açan İlham İsmayılov qeyd etdi ki, Mingəçevir şəhər İcra Hakimiyyəti vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsini, onların problemlərinin yerində dinlənilərək operativ həllini təmin etməyi əsas prioritetlərindən biri hesab edir. Bu istiqamətdə keçirilən səyyar görüşlər şəhər sakinləri ilə əlaqələrin möhkəmləndirilməsinə, onların gündəlik həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Görüşdə çıxış edən sakinlər xeyir-şər mağarının təmiri, isti su tətəchizatı, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Sakinləri narahat edən problemləri dinlədikdən sonra şəhər rəhbəri hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.