Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü avqust ayının 12-də M.Maqomayev küçəsindəki 50 saylı binanın qarşısında keçirilib
13 avqust 2025 | 10:27
Görüşdə İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi, şəhər prokuroru, müxtəlif binalardan gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, idarələrin, müəssisələrin rəhbərləri və təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Görüşü açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cənab Prezident İlham Əliyevin tapşırığı ilə vətəndaşlarla keçirilən səyyar görüşlərin əhəmiyyətindən söz açıb. İcra Hakimiyyətinin tədbirlər planına əsasən cari ilin əvvəlindən şəhərin müxtəlif ərazilərində yaşayış binalarında əsaslı təmir işlərinin aparıldığını, məhəllələrdə nümunəvi şəraitin yaradıldığını, istirahət məskənlərində, xiyabanlarda yeni layihələrlə quruculuq işlərinin həyata keçirildiyini bildiib. Çıxış edən sakinlər abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Problemlər barədə məlumat verilib. Ötən əsrdə istifadəyə verilən doqquzmərtəbəli binalarda tullantıların toküldüyü, zibil yeşiklərinin yerləşdirildiyi sahələrdə antisanitar vəziyyətin mövcudluğu, gəmiricilərin günbəgün çoxalması, vaxtlı-vaxtında dezinfeksiya işlərinin aparılmadığı, üfunət qoxusu və bunun sakinlər üçün təhlükə mənbəyi olduğu diqqətə çatdırılıb. Ağacların budanması, suvarılması üçün texniki su xəttinin çəkilməsi, oturacaqların və kölgəliyin qoyulması, istilik sisteminin olmaması, xeyir-şər mağarına qaz xətinin çəkilişi və digər məsələlər barədə müraciətlər edilib. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müvafiq qurumların rəhbərlərinə vətəndaşın iştirakı ilə qısa vaxt ərzində problemlərlə tanışlıq etməyi və həlli barədə məlumat verməyi, dezinfeksiya işlərinin gücləndirilməsini tapşıraraq bildirib ki, vətəndaşların rihaf halının yaxşılaşdırılması üçün hər bir küçədə, istirahət məskənlərində quruculuq işləri davam etdiriləcəkdir. Vətəndaşları daha çox narahat edən istilik sisteminin bərpası məsələsinə toxunan şəhər rəhbəri bildirib ki, İcra Hakimiyyəti olaraq “Azəristiliktəchizat” ASC ilə birgə şəhərdə mövcud olan 17 qazanxananın 4 mərhələdə bərpasının planı işlənib və təqdim olunub. Əgər vəsait ayrılarsa bu layihə mərhələli şəkildə aparılacaqdır.