Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhərin 75 illiyi münasibəti ilə mingəçevirlilərə təbriki

07 noyabr 2023 | 16:13

Əziz mingəçevirlilər!

Hörmətli dostlar! Bir neçə gündən sonra doğma Mingəçevirimizin şəhər statusu almasının 75 ili tamam olur. Bu gözəl tarixi hadisədir. 75 il bundan əvvəl- 1948-ci il noyabrın 11-də Mingəçevirə şəhər statusu veriləndə burada təxminən 20-30 minə yaxın əhali məskunlaşmışdı. Onların da əksəriyyəti ətraf bölgələrdən tikinti quraşdırma işlərinə cəlb olunmuş inşaatçılar, mühəndis-texniki işçilər, fəhlələr idilər. Şəhərsalma proqramına uyğun olaraq yeni yaşayış binalarının, fabrik və zavodların bünövrəsi qoyulur, Kür çayı üzərində Zaqafqaziyada analoqu olmayan nəhəng Su Elektrik Stansiyasının tikintisi aparılırdı. Təbii ki, şəhərin yeni inkişaf mərhələsi başlayırdı. Bir-birinin ardınca məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları tikilib istifadəyə verilirdi. Yeni iş yerlərinin açılması hesabına şəhərdə əhalinin sayı artır, ticarət, ictimai-iaşə obyektləri fəaliyyətə başlayırdı. Ötən illərin faktlarına nəzər yetirdikdə aydın görünür ki, bu inkişaf daha çox 1960-80-ci illər arasında böyük vüsətlə davam etmişdir. Şəhərdə nəhəng sənaye müəssisələri istifadəyə verilir, Azərbaycan İstilik Elektrik Stansiyasnın tikintisinə və işlədilməsinə ətraf bölgələrdən təcrübəli mütəxəssislər, işçilər cəlb olunurdu. Həmin dövrdə, yəni 1969-cu ilin iyul ayından 1982-ci ilə qədər Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin bilavasitə diqqət və qayğısı nəticəsində Mingəçevir yeni mərhələyə qədəm qoyaraq əsl tikinti meydanına çevrilirdi. Çoxmərtəbəli yaşayış binaları şəhərin hüsnünə əlavə yaraşıq verir, Azərbaycan İstilik Elektrik Stansiyasnın blokları işə salınırdı. Azərkabel, Azərelektroizolit, şüşə-lifi, toxuculuq kombinatı, texniki-rezin, yol maşınları, təcrübi-sınaq kimi böyük müəssisələrin istehsal gücləri artırılırdı. Ulu öndərin şəhərimizə səfərləri zamanı yeni-yeni təhsil, mədəniyyət, ticarət ocaqlarının bünövrələri qoyulur, açılışı olurdu. Biz bunları unutmuruq, ulu öndərə dərin minnətdarlığımızı və ehtiramımızı bildiririk. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə əmin-amanlıq, sabitlik bərqərar olunmaqla, dinc quruculuq işləri geniş vüsət aldı, erməni faşistlərinin ölkəmizə təcavüzündən istifadə edərək bir müddət hakimiyyəti ələ almış AXCP-Müsavat partiyası liderlərinin səriştəsiz fəaliyyəti nəticəsində bərbad hala düşmüş sənaye, kənd təsərrüfatı tədricən inkişaf mərhələsinə çıxdı. Bu baxımdan Mingəçevirin inkişafına da xüsusi diqqət göstərilirdi. Şəhərdə sənaye müəssisələrinin işi nəzarətə götürülməklə, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində əməli işlər görülürdü. Kür çayı üzərində müasir tələblərə cavab verən körpünün salınması, Bozdağın ətəklərinin yaşıllıq zolağına çevrilməsi, burada insanların istifadəsi üçün torpaq sahələrinin ayrılması, çoxmərtəbəli yaşayış binalarının tikilib istifadəyə verilməsi, dövrün tələblərinə uyğun park və xiyabanların salınması əhəmiyyətli dərəcədə vacib məsələlər idi. Ulu öndər bu sahədə Mingəçevirə və mingəçevirlilərə öz kömək və töhfəsini əsirgəmirdi. Məhz bu diqqət və qayğının nəticəsidir ki, mingəçevirlilər ulu öndərin adının əbədiləşdirilməsi, xatirəsinin yad edilməsi məqsədi ilə şəhərin iki yerində onun heykəlinin qoyulmasına nail olmuş, möhtəşəm Heydər Əliyev Mərkəzinin yaradılmasını, adına prospekt və küçələrin verilməsini həyata keçirmişlər. Şəhərdə ulu öndərin 100 illik yubileyi böyük təntənə ilə qeyd olunur. Mübaliğəsiz demək olar ki, Mingəçevirin bu günkü inkişafında ulu öndərin layiqli varisi İlham Əliyevin xüsusi xidmətləri var. Onun hakimiyyətdə olduğu 20 il ərzində şəhərin siması başdan-başa dəyişmiş, hüsnünə yaraşıq gətirən əlavələr edilmişdir. Bu gün Mingəçevir respublikamızın Gənclər Paytaxtı kimi tanınmaqla dünyanın əksər dövlətlərində qəbul edilir, seçilir. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün ən etibarlı məkan sayılır. 2015-ci ildə su idmanı üzrə Avropa birinciliyinin, 2017-ci ildə İslam Həmrəyliyi ölkələrinin İdman yarışlarının, eləcə də bir sıra digər mötəbər yarışların Mingəçevirdə keçirilməsi bunun bariz nümunəsidir. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun təkmilləşməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, zəfər dolu qələbələrlə düşməni torpaqlarımızdan qovub çıxarması, 30 ildən artıq əsarətdə olan yurd-yuvalarımızın azad olunması, Azərbaycanımızın suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunması bizə böyük güc və qüvvət verir. Azərbaycanın hər qarış torpağı bizim üçün müqəddəsdir. Bu müharibədə Mingəçevirin 380-dən artıq şəhidi, yüzlərlə qazisi oldu. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə tezliklə sağalmağı arzu edirik. Bu gün qarşımızda duran ən böyük məqsəd şəhərimizi daha da gözəlləşdirmək, insanların məmnunluq hisslərini artırmaqdır. Cənab Prezidentin tapşırığına müvafiq olaraq son 5 ildə şəhərimizdə bir sıra mühüm işlər görülmüş, insanların arzu və istəkləri yerinə yetirilmişdir. Dostluq, Nəsimi, Aşıq Qurbani, Nizami, Qələbə, Sahil, Sağ sahil, Fizuli, Zəfər Şərəfinə və bir çox başqa parkların salınması və yenidən qurulması, ötən əsrdə tikilib, uzun müddət təmirsiz istismar edilərək yararsız vəziyyətə düşmüş yaşayış binalarının əsaslı təmirdən çıxarılaraq nümunəvi hala gətirilməsi, burada insanların istirahətlərinin təşkili üçün kölgəliklərin, oturacaqların qoyulması, idman qurğularının, əyləncə vasitələrinin quraşdırılması, küçə və məhəllələrə yeni müasir işıqlanma sisteminin çəkilməsi böyük sevgi və razılıqla qarşılanmışdır. Uzun illər yararsız hala düşmüş kanalizasiya sisteminin yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Bir vaxtlar küçə və məhəllələrin qaranlığa qərq olduğundan şikayətlənənlər indi minnətdarlıq hissi ilə fikirlərini bildirirlər. Hazırda şəhərin demək olar ki, bütün ərazilərində işıqlanma nöqtəsi mövcuddur. Yolların asfaltlanaraq qaydaya salınması bizi narahat edən ən mühüm məsələlərdən biridir. Kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar bu sahədə müəyyən çətinliklərin olmasına baxmayaraq iş öz ahəngi ilə gedir. Ən ucqar yaşayış məntəqələrinə asfalt döşənməsi həyata keçirilir. Bağlar, Tərəvəzçilik sovxozu, Tingçilik, Mingəçevir kəndi, Samux və bir sıra digər yaşayış massivlərində küçələr asfalt örtüyü ilə qaydaya salınmışdır. Bu istiqamətdə işlər davam etdirilir. Sevindirici haldır ki, bu gün Mingəçevirdə su, işıq, qaz problemi demək olar ki, yoxdur. Bütün bunlar sakinlərimizin rahatlığı üçündür. Bütün bu işlərdə şəhər sakinlərinin böyük əməyi və doğma şəhərimizə sevgisi hiss edilir. Yaradan, quran əlləriniz var olsun. Əziz mingəçevirlilər!

Şəhərimizin 75 illiyi münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edir, Sizlərə möhkəm can sağlığı, xoşbəxt həyat arzulayıram. Həmişə öndə olaq, Vətənimizin rifahı naminə cənab Prezidentimizin ətrafında sıx birləşərək yeni-yeni uğurlar əldə edək! Bayramınız mübarək!

Keçidlər