Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İLHAM İSMAYILOV şəhər ümumtəhsil məktəblərinin 2025-ci ildə ali məktəblərə qəbul olunan tələbələri ilə görüşüb

09 sentyabr 2025 | 15:44

Hər il olduğu kimi bu il də 2024-2025-ci tədris ilində Mingəçevir məktəblərini başa vurmuş, qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzun-tələbələrlə şəhər İcra Hakimiyyəti başçısının görüşü keçirilib. Sentyabrın 9-da İcra Hakimiyyətinin akt zalında baş tutan görüşdə müəllim və tələbələr, ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları salamlayaraq möhtəşəm uğurlara görə təbriklərini çatdırıb. Bildirib ki, bu tədbir şəhərimizin ümumtəhsil məktəblərinin şagirdlərinin yüksək bal toplayaraq ali məktəblərə qəbul olunması münasibətilə keçirilir. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar gənclərin təhsilə cəlb olunmasına, təhsil sahəsində uğurların ilbəil artmasına, təhsil alanların nailiyyətlərinin daha da yüksəlməsinə öz müsbət təsirini göstərir. Gənclər cəmiyyətin sabahının və gözəl gələcəyinin yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyev gənclərə və onların formalaşmasına həmişə yüksək qiymət verib. Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizdə yüzlərlə yeni məktəb binası, ali məktəblər üçün müasir təhsil ocaqları tikilib istifadəyə verilib. Sevindirici haldır ki, Ulu Öndərin apardığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu gün təhsilə, gəncliyə, onların layiqli formalaşmasına diqqət göz qabağındadır. Ölkə rəhbərinin yüksək diqqət və qayğısı sayəsində vətənimizin hər bir bölgəsində olduğu kimi şəhərimizdə də müasir məktəb binaları inşa olunur və ya əsaslı təmir edilir. O cümlədən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində müasir tələblərə cavab verən təhsil kompleksləri yaranır, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırılır. Bu il şəhər ümumtəhsil məktəblərinin 9-cu sinifləri 1579 nəfər, 11-ci sinifləri 1199 nəfər bitirmişdir. Onlardan ali məktəbə qəbul olanların sayı 636 nəfərdir. Ali məktəbə qəbul olan tələbələrdən 173 nəfəri 500-dən yuxarı, o cümlədən 58 nəfəri 600-dən yuxarı bal toplamışdır. Şəhər üzrə ən yüksək nəticəni 692 bal toplayan 11 saylı tam orta məktəbin şagirdi Arif Hüseynli olmuşdur. Məktəblilərimiz fənn olimpiadalarında, bilik yarışlarında uğurlu nəticələr əldə etmişlər. Qazanılmış nailiyyətlər Respublika miqyasında fərqlənir. Bütün bu uğurlarımız ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramının bir hissəsidir. Təhsil ocaqlarında cari təmir və bərpa işləri aparılır, məktəblərimiz yeni avadanlıqlarla təchiz edilir. Əminəm ki, məktəblərimizdə yaradılacaq şəraitə görə gələcəkdə uğurlarımız bundan da artıq olacaqdır. Bu il məzunlarımızın qazandığı nailiyyətlər ürəkaçandır, deyən şəhər rəhbəri vurğulayıb ki, hər bir uğurun qazanılmasında təhsil işçilərimizin, valideynlərin əməyi böyükdür. Qazanılmış nailiyyətlərə görə ali məktəblərə qəbul olmuş tələbələri, təhsil işçilərini, valideynləri təbrik edirəm. Görüşdə Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova, 1 nömrəli tam orta məktəbin 11-ci sinif rəhbəri- rəhbərlik etdiyi sinfin hamısı ali məktəblərə daxil olmuşdur- Şəhla Rəsulova, valideynlər adından Firuzə Həmzəyeva, 11 nömrəli tam orta məktəbin şagirdi, şəhər üzrə ən yüksək nəticə göstərən məzun Arif Hüseynli, 20 nömrəli tam orta məktəbin şagirdi, Tarix fənni üzrə Respublika Olimpiadasının 2 dəfə qızıl medalçısı, müsabiqədənkənar Qarabağ Universitetinə daxil olmuş Hüseyn Əbdürəhmanov çıxış edərək ölkə Prezidenti İlham Əliyevə və şəhər İcra Hakimiyyətinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda Mingəçevir şəhər İcra Hamkimiyyətinin başçısı İlham İsmayılov yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim edib, xatirə şəkli çəkdirilib.

Keçidlər