Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü
24 iyun 2022 | 14:55
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Əliağa Vahid küçəsi 4/1, Aydın Məmmədov küçəsindəki 7, 9 nömrəli binaların kəsişdiyi ərazidə keçirildi. Görüşə eyni zamanda şəhərin digər küçələrindən- Nizami, Xətai və başqa küçələrdə yaşayan sakinlər də gəlmişdilər. Əvvəlcədən qeyd edək ki, Əliağa Vahid və Aydın Məmmədov küçələrində yerləşən yaşayış binalarının demək olar ki, əksəriyyətində təmir işləri aparılmış, ərazilər qaydaya salınmışdır. Burada uşaq və böyüklərin istirahəti və əyləncələri üçün şərait yaradılmışdır. Oturacaqlar qoyulmuş, idman qurğuları və uşaqların əylənməsi üçün meydançalar salınmışdır. Buna baxmayaraq təbii ki, çatışmazlıqlar və nöqsanlar da mövcuddur. Səyyar görüşün aktiuallığı da burada özünü büruzə verirdi. Görüşə çoxsaylı sakinlər maraqla gəlmişdilər. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələn sakinləri salamladıqdan sonra ölkədə və Mingəçevirdə aparılan əməli işlər barədə məlumatla çıxış etdi. Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına uyğun olaraq sakinlərlə keçirilən görüşlərin əhəmiyyətindən danışaraq bildirdi ki, bu günkü görüşə icra aparatının məsul şəxsləri, şəhərin idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri də dəvət olunmuşdular. Buna görə də vaxtı itirmədən söz sakinlərə verildi. İlkin olaraq Aydın Məmmədov 9 nömrəli yaşayış binasının sakini Vilayət Süleymanov çıxış edərək dedi ki: “30 ildir bu binada yaşayıram. Şəhərimizdə aparılan abadlıq-quruculuq işlərindən xəbərdaram və bizə göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlığımı bildirirəm. Əlbəttə, görüləsi işlər çoxdur, bu yolda şəhər rəhbərliyinə uğurlar arzulayıram. Binamızın nümunəvi hala gətirilməsi üçün qarşıda bir sıra məsələlər həllini gözləyir. Xüsusən binamızın giriş hissələrinin təmiri, burada qapı və pəncərələrin qoyulması vacib məsələdir. Çox istərdik ki, şəhər rəhbərliyi bunu diqqətində saxlasın. ” Sonra sakinlərdən Təranə Paşayeva, Abusəlim Salamov, Aidə Əliyeva, Nahid Mustafayev, Vaqif Sadıqov, Elnur Yusifzadə Arif Əhmədov, Sevda Məmmədova, İlqar Mirzəyev və başqaları çıxış edərək onları narahat edən məsələlərə toxundular. Maraqlı tövsiyə və təkliflərini səsləndirməklə görülən işlərə xələl gətirilməməsi üçün sakinlərə səsləndilər. Bir çox binaların qarşısında işıqlanma xətlərinin olmaması, zirzəmilərin bərbad halda olması, kanalizasiya xətlərinin tezliklə nizama salınması, antisanitariya qaydalarına əməl olunmaması, ağacların vaxtlı vaxtında budanmaması, eləcə də onların susuzluqdan əziyyət çəkmələri ön plana çəkildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələlərə həssaslıqla yanaşaraq görüşdə iştirak edən məsul şəxslərə konkret tapşırıqlar verdi. Əminliklə vurğuladı ki, bütün bu çatışmazlıqlar nəzarətə görürülərək vaxtında həllini tapacaq.