Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
25 sentyabr 2026 | 09:59
Sentyabrın 24-də Yaşar Muradov küçəsindəki 45 saylı binanın qarşısında keçirilən görüşdə aparatın məsul əməkdaşları, ərazi icra nümayəndəsi, hüquq mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədri, şəhərin, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüşü açan İlham İsmayılov ölkə Prezidentinin tapşırığı ilə keçirilən səyyar qəbulların vətəndaşların məmnunluq hissinə nail olmaq, qarşılaşdıqları problemlərin həllini təmin etmək məqsədli olduğunu bildirib. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə iki gün əvvəl keçirilən müşavirədəki Proqram xarakterli nitqindən söz açaraq qeyd edib ki, dövlətimizin başçısı regionlara xüsusi önəm verir, hər il qəbul edilən pqoqramlarda bölgələrin inkişafı xüsusi yer tutur. Şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq və əsaslı təmir işləri də tədbirlər planı çərçivəsində reallaşır.
Çıxış edən sakinlər bütün ölkədə görülən işlərə, bir gün əvvəl abadlıq işləri başa çatan 163-cü məhəllədə yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Görüşdə sakinlər asfaltlanma işlərinin aparılması , küçələrin işıqlanması, yol nişanlarının quraşdırılması, yaşıllıqların suvarılması, kölgəliyin yerləşdirilməsi və digər sosial problemlərlə bağlı müraciətlər etmişlər.
Şəhər rəhbəri sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.